...Genişmiqyaslı NATO təlimlərində iştirak edən İspaniya freqatının göyərtəsində heyət dəniz müharibəsində ən mürəkkəb tapşırıqlardan birini - sualtı qayıq ovunu məşq edir. Gəminin dərinliyində, döyüş məlumat mərkəzində bağlı qapı arxasında təcrübəli mütəxəssislər sonar siqnallarını təhlil edir və vəziyyəti ekranlarda izləyir.
Onların üstündə kəşfiyyat təyyarələri Norveç fjordları ətrafındakı suları araşdırır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Wall Street Journal yazır.
...Burada, Şimali Atlantikanın soyuq sularında, beş Avropa gəmisi sualtı qayıq əleyhinə müharibə təlimi üçün toplaşıb.
Xatırladaq ki, son illərdə Rusiya Şimalda sualtı fəaliyyətini əhəmiyyətli dərəcədə artırıb.
ABŞ prezidenti Donald Trampın "Qrenlandiyanın ətrafında Rusiya sualtı qayıqlarının" olması ilə bağlı son açıqlamasından sonra NATO-nun bölgəyə diqqəti daha da artıb.
Ekspertlər Qrenlandiyanın özünün Rusiyanın fəaliyyətinin əsas mərkəzi olmadığını qeyd etsələr də, Moskva Qərb ölkələrini sınaqdan keçirmək üçün təcrübəsindən və resurslarından fəal şəkildə istifadə edir.
Buna cavab olaraq, NATO Arktika gözətçisi təşəbbüsünün bir hissəsi olaraq Arktikada genişlənmiş iştirakını və milli qüvvələrin koordinasiyasını gücləndirdiyini elan edib.
Fevral-n 13-də başa çatacaq "Arctic Dolphin" təlimi alyansın ən böyük sualtı qayıq əleyhinə döyüş təlimlərindən birinə çevrilib.
Soyuq Müharibənin sonundan bəri unudulmuş bacarıqları təkmilləşdirmək üçün 10 NATO ölkəsindən gəmilər, təyyarələr və sualtı qayıqlar Norveçə gəlib.
Manevrlərdə iki sualtı qayıq - biri Norveç, digəri Almaniyadan iştirak edir, ABŞ və Kanadadan olan zabitlər də təlim keçirlər.
... Xüsusi diqqət Şimali Atlantik sularına nəzarət üçün strateji əhəmiyyət kəsb edən Qrenlandiya-İslandiya-Birləşmiş Krallıq (GIUK) boşluğuna yönəldilir. Buzların əriməsi və gəmilərin hərəkətinin artması səbəbindən bu marşrutlara maraq artır. Ərazisi Rusiya ilə həmsərhəd olan Norveç üçün NATO-nun Arktikaya artan marağı müsbət əlamət olub.
Gəmilər və sualtı qayıqlar sonar sistemlərindən istifadə edir, P-8 Poseidon təyyarələri isə xüsusi şamandıraları atır və dərin dəniz skaneri aparır. Maqnitometrlərlə təchiz olunmuş helikopterlər sualtı qayıqları metal gövdə konstruksiyaları ilə aşkarlaya bilir.
Qabaqcıl texnologiyaya baxmayaraq, mütəxəssislər "ovçuluq"un bir sənət olaraq qaldığını vurğulayırlar.
...Rusiya son illərdə sualtı qayıqlarını modernləşdirib və onları xeyli səssizləşdirib ki, bu da NATO-nun missiyasını çətinləşdirir.
Əli Babayev