Naxçıvanda səhiyyə müəssisələrinin mülki müdafiə rəhbərləri və qərargah rəisləri ilə tədris-metodiki toplanış keçirilib.
SİA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsi tərəfindən səhiyyə müəssisələrinin mülki müdafiə rəhbərləri və qərargah rəislərinin iştirakı ilə "Fövqəladə halların qarşısının alınması, nəticələrinin aradan qaldırılmasında səhiyyə müəssisələrinin rolu və Fövqəladə Hallar Nazirliyi ilə qarşılıqlı fəaliyyətin təşkili" mövzusunda tədris-metodiki toplanış keçirilib.
Toplanış "Naxçıvan Muxtar Respublikasının 2026-cı il üçün Mülki müdafiə tədbirləri planı" əsasında təşkil edilib.
Tədris-metodiki toplanışın keçirilməsində əsas məqsəd fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması, mülki müdafiə sahəsində fəaliyyətin təkmilləşdirilməsi və qarşılıqlı fəaliyyət mexanizmlərinin gücləndirilməsi olub.
Çıxış edənlər mülki müdafiə planlarının diqqətdə saxlanılması, şəxsi heyətin hazırlıq səviyyəsinin artırılması və praktiki məşğələlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıblar. Eyni zamanda, fövqəladə hallarda tibbi təminatın düzgün təşkili və resurslardan səmərəli istifadə, mülki müdafiə sahəsində normativ-hüquqi sənədlərin tələbləri ilə bağlı tövsiyələr verilib.
Tədbir çərçivəsində iştirakçıların sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.