"Azərbaycanda 1605 bələdiyyənin optimallaşdırılması planlaşdırılır" - VÜQAR BAYRAMOV

13 Fevral 2026 11:57 (UTC+04:00)

"Azərbaycanda fəaliyyət göstərən 1605 bələdiyyənin sayı idarəetmənin effektivliyinə və büdcə xərclərinin səmərəli istifadəsinə təsir edən mühüm amil kimi qiymətləndirilir".

SİA-nın verdiyi məlumata görə, bu sözləri Milli Məclisin iclasında bələdiyyələrin illik fəaliyyətinə dair məruzəyə münasibət bildirən deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, ölkədə hər min nəfərə düşən bələdiyyələrin sayı nisbətən yüksəkdir və bu vəziyyət idarəetmədə səmərəliliyi azalda bilər: "Bələdiyyələrin sayının tədricən azaldılması, strukturun optimallaşdırılması xərclərin ixtisarına və bələdiyyələrin fəaliyyətinin daha məqsədyönlü və effektiv olmasına imkan yaradacaq. Eyni zamanda, o qeyd edib ki, müasir texnologiyaların tətbiqi və bələdiyyələrin mərhələli şəkildə rəqəmsallaşdırılması prosesi idarəetmənin şəffaflığını və operativliyini artırmaq üçün vacibdir. Hazırda ölkədə fəaliyyət göstərən 1605 bələdiyyənin strukturunun yenidən qurulması və rəqəmsal transformasiyası həm maliyyə xərclərinin optimallaşdırılmasına, həm də vətəndaşlara təqdim olunan xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edə bilər".