Son illərdə vətəndaşların xarici ölkələrdə təhsil alması, işləməsi, ailə qurması və daimi yaşaması halları artdıqca, onların hüquqi statusu ilə bağlı məsələlərin Azərbaycan Respublikasında tanınması və rəsmiləşdirilməsi daha da аktуallaşıb. Xüsusilə vətəndaşlıq vəziyyəti aktlarının - doğum, nikah, boşanma və ölüm faktlarının - xarici dövlətlərdə qeydə alınması və sonradan ölkəmizdə hüquqi qüvvəyə minməsi bir sıra prosedur tələblərini zəruri edir.
Bu baxımdan, xarici ölkələrin səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Azərbaycan Respublikasında tanınması, onların leqallaşdırılması və ya apostilləşdirilməsi, eləcə də müvafiq məhkəmə qərarlarının tanınması proseduru mühüm hüquqi mexanizm kimi çıxış edir. Qanunvericilik bu sahədə aydın çərçivə müəyyən etsə də, praktikada vətəndaşların tez-tez suallarla üzləşdiyi məqamlar mövcuddur.
SİA-nın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib ki, xarici ölkələrin səlahiyyətli qurumları tərəfindən tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydlərinə dair məlumatlar müvafiq şəhadətnamələrin notariat qaydasında təsdiq edilmiş tərcüməsi əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə əlavə edilir. Ölüm faktı xarici ölkədə baş verdikdə və qeydə alınmadıqda müvafiq tibbi sənəd əsasında (tibbi şəhadətnamə müvafiq qaydada leqallaşdırılmalıdır və ya ona apostil verilməlidir) Azərbaycan Respublikasında qeydə alına bilər. Ailə Məcəlləsinin 148.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşları arasında, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah, bu Məcəllənin 12-ci maddəsində nəzərdə tutulan hallar (nikahın bağlanmasına mane olan hallar) olmadıqda, Azərbaycan Respublikasında etibarlı hesab edilir.
Həmçinin Mülki Prosessual Məcəllənin 470.1-ci maddəsinə əsasən əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulubsa, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur.
Həmin Məcəllənin 464-cü maddəsinə görə isə xarici dövlət məhkəmələrinin qətnamələrinin məcburi qaydada icra olunması və tanınması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır. Xarici ölkədə çıxarılmış nikahın pozulması haqqında məhkəmə qərarları Ali Məhkəmə tərəfindən tanındıqdan sonra qeydə alınır və bu barədə şəhadətnamə təqdim olunur.