Qlobal transformasiyanın sürətlənən prosesləri və ənənəvi təsir mərkəzlərinin yenidən nəzərdən keçirilməsi fonunda Cənubi Qafqaz beynəlxalq siyasətin mühüm qovuşuğu kimi yerini getdikcə daha inamla tutur. Region artıq yalnız münaqişələr prizmasından qəbul edilmir və getdikcə daha çox iqtisadi əməkdaşlıq, nəqliyyat inteqrasiyası, Şərq ilə Qərb arasında strateji qarşılıqlı fəaliyyətin yeni formalarının qurulması üçün imkanlar məkanı kimi nəzərdən keçirilir.
Bu şəraitdə Azərbaycan artan diplomatik fəallıq nümayiş etdirir, energetika və tranzit sahələrində mövqelərini möhkəmləndirir və regional gündəliyin formalaşdırılmasına təsir göstərmək potensialına malik əsas dövlətlərdən birinə çevrilir. ABŞ və digər aparıcı qlobal aktorların Bakıya artan marağı isə Cənubi Qafqaza yanaşmalarda beynəlxalq siyasətin müstəqil və strateji əhəmiyyətli istiqamət kimi formalaşdığını göstərən daha geniş dəyişikliklərin göstəricisidir.
SİA-nın məlumatına görə, AZƏRTAC amerikalı ekspert, “Gulf State Analytics” mərkəzinin baş direktoru, Corctaun Universitetinin dəvətli dosenti Corco Kafyero ilə eksklüziv müsahibəni təqdim edir.
-Azərbaycanın Cənubi Qafqazda aparıcı oyunçu kimi artan rolu kontekstində ABŞ-ın Vitse-prezidentinin Bakıya səfərini necə qiymətləndirirsiniz? Vaşinqton regional sabitlik üçün Azərbaycanın strateji əhəmiyyətini qəbul edirmi?
-Vitse-prezident Vensin Ermənistana və Azərbaycana səfəri ABŞ-ın Cənubi Qafqaz siyasətində həm nəzərəçarpacaq, həm də simvolik əhəmiyyət daşıyan mühüm hadisə oldu. Tramp administrasiyası dövründə Ağ Ev regionu Vaşinqtonun daha fəal diplomatiya və ünvanlı, praqmatik layihələr vasitəsilə təsirini genişləndirməyə hazır olduğu müstəqil strateji məkan kimi dəyərləndirməyə başlayıb.
Azərbaycan NATO-nun üzvü olmasa və formal olaraq ənənəvi Amerika təhlükəsizlik sistemlərindən kənarda qalsa da, onun ABŞ üçün strateji əhəmiyyəti getdikcə daha aydın şəkildə dərk olunur. Bu əhəmiyyət Bakının regional ticarət, energetika və nəqliyyat əlaqələrində oynadığı əsas rolla bağlıdır.
Ümumilikdə isə bu səfər Vaşinqtonun Azərbaycanı regionun aparıcı oyunçularından biri kimi tanıdığını nümayiş etdirir. Bakı ilə əməkdaşlıq ABŞ üçün beynəlxalq arenada siyasi və iqtisadi prioritetlərinin irəlilədilməsi baxımından mühüm dəyər daşıyır.
-Azərbaycan nəqliyyat, energetika və logistika dəhlizləri ideyasını fəal şəkildə irəli sürür. Bu təşəbbüslər Avropa ilə Asiya arasında dayanıqlı ticarət marşrutlarının inkişaf etdirilməsi sahəsində ABŞ-ın maraqları ilə nə dərəcədə üst-üstə düşür? Azərbaycanla münasibətlərin müsbət dinamikasının daha da möhkəmləndirilməsi üçün ABŞ hansı addımları ata bilər?
-Azərbaycanın nəqliyyat, energetika və logistika dəhlizləri vasitəsilə regional bağlantının inkişafına yönəlmiş səyləri Avropa ilə Asiya arasında sabit və diversifikasiya olunmuş ticarət marşrutlarının formalaşdırılmasına xidmət edən ABŞ maraqları ilə böyük ölçüdə üst-üstə düşür. Orta Dəhlizin və digər Şərq-Qərb nəqliyyat marşrutlarının möhkəmləndirilməsi Bakının region ölkələrinin asılılığının azalmasına töhfə verməsinə, eyni zamanda, bu dəhlizlər boyunca yerləşən dövlətlərin, - Avropa İttifaqı üzvlərinin, Türkiyənin və Mərkəzi Asiya respublikalarının, - iqtisadi dayanıqlığının dəstəklənməsinə imkan yaradır.
TRIPP çərçivəsində həyata keçirilən layihələr, eləcə də limanlara, dəmir yollarına və logistika qovşaqlarına yatırılan investisiyalar birbaşa ABŞ-ın geoiqtisadi prioritetlərinin reallaşdırılmasına xidmət edir. Bu prioritetlər sırasında milli təhlükəsizlik və iqtisadi rəqabət qabiliyyəti baxımından getdikcə daha böyük əhəmiyyət kəsb edən kritik faydalı qazıntılara çıxış xüsusi yer tutur.
Əməkdaşlığın dərinləşdirilməsi məqsədilə Vaşinqton inkişafın maliyyələşdirilməsi alətlərindən, ixrac-kredit agentliklərindən və tərəfdaşlıq mexanizmlərindən istifadə etməklə regional layihələrə siyasi və maliyyə dəstəyini genişləndirə bilər. Ümumilikdə, Azərbaycanın kommunikasiya gündəliyi ilə ABŞ-ın strateji prioritetləri qarşılıqlı şəkildə bir-birini tamamlayır. Əsas çağırış isə maraqların bu uyğunluğunu davamlı praktik əməkdaşlığa və ölçülə bilən nəticələrə çevirməkdən ibarətdir.
-Sizin fikrinizcə, yaxın illərdə Cənubi Qafqazda yeni nizamın formalaşdırılmasında Azərbaycan hansı rolu oynaya bilər?
-Regional dəhlizlərdə, infrastruktur layihələrində və iqtisadi təşəbbüslərdə mərkəzi roluna görə Azərbaycan Cənubi Qafqazın sabitləşdirilməsinə mühüm töhfə vermək üçün əlverişli mövqedədir. Geoiqtisadi qarşılıqlı asılılığı təşviq etməklə Bakı kooperativ inkişaf modelinə keçidə töhfə verə bilər.
Azərbaycanın balanslaşdırılmış xarici siyasəti, müxtəlif regional və qlobal aktorlarla qurduğu münasibətlər ona maraqlı tərəflər arasında körpü rolunu oynamaq imkanı yaradır. Qonşu ölkələrlə, o cümlədən Ermənistanla iqtisadi əməkdaşlıq genişləndikcə, Bakının sabitləşdirici qüvvə kimi potensialı daha da aydın görünəcək. Bu mənada Azərbaycanın strateji çəkisi, kommunikasiya sahəsində həyata keçirdiyi layihələrlə birlikdə, daha proqnozlaşdırılabilən və firavan Cənubi Qafqazın formalaşmasında həlledici rol oynaya bilər.
-TRIPP təşəbbüsünün dayanıqlılığı və reallaşdırılması üçün hansı addımlar zəruridir? Azərbaycanla Ermənistan arasında siyasi, iqtisadi və ictimai səviyyələrdə etimadın möhkəmləndirilməsi üçün nə baş verməlidir?
-Etimadın formalaşdırılması və hərtərəfli ikitərəfli əməkdaşlığın qurulması üçün müntəzəm dialoq, birgə infrastruktur layihələri və insanlar arasında geniş təmaslar xüsusi əhəmiyyət daşıyır. Məhz bu cür təşəbbüslər ardıcıl və uzunmüddətli cəlbolunma ilə müşayiət olunduqda, möhkəm və dayanıqlı əməkdaşlıq üçün etibarlı zəmin formalaşdırır.
-Azərbaycanın NATO ilə əməkdaşlıq səviyyəsini necə qiymətləndirirsiniz?
-Azərbaycan Şimali Atlantika Alyansının üzvü olmasa da, o, təhlükəsizlik, hərbi modernləşmə və geosiyasi manevr sahəsində mühüm üstünlüklər təmin edən formatlarda NATO ilə əməkdaşlıq edir. Birgə təlimlərdə, hazırlıq proqramlarında və sülhməramlı missiyalarda iştirak Azərbaycanın müdafiə imkanlarını möhkəmləndirir və onun regional mövqelərini gücləndirir. Bu qarşılıqlı faydalı əməkdaşlıq Azərbaycanın xarici siyasi hədəflərinə cavab verir və eyni zamanda, regionda bir sıra Qərb maraqları ilə uzlaşır.
-2025-ci ilin avqustunda Vaşinqtonda liderlərin görüşündən sonra Bakı ilə İrəvan arasında sülh prosesində müşahidə olunan irəliləyişi necə qiymətləndirirsiniz?
-Ötən ilin avqustunda əldə olunan Vaşinqton razılaşmalarından sonra Cənubi Qafqazda müharibədən sonrakı əməkdaşlıq perspektivləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Tramp administrasiyasının vasitəçilik səyləri yüksək qiymətləndirilməlidir, çünki Vaşinqton Bakı və İrəvanı hərbi qarşıdurma yolundan çəkindirərək diplomatik dialoqa yönəltməkdə əsas rol oynayıb.