Bolqarıstanda salınacaq "Şuşa Parkı" iki hektara yaxın ərazini əhatə edəcək

12 Fevral 2026 17:06 (UTC+04:00)

Bolqarıstan Veliko Tırnovo şəhərində salınacaq "Şuşa Parkı" iki hektara yaxın ərazini əhatə edəcək.

SİA bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu gün Komitənin sədri Anar Quliyev Veliko Tırnovonun meri Daniel Dimitrov Panov ilə görüşüb. Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun iştirak etdiyi görüşdə şəhərsalma və memarlıq sahəsində əməkdaşlıq perspektivləri, tarixi şəhər mühitinin qorunması və müasir ictimai məkanların yaradılması istiqamətində təcrübə mübadiləsi müzakirə olunub. Tərəflər qardaşlaşmış şəhərlər institutunun genişləndirilməsi, Azərbaycan və Bolqarıstan şəhərləri arasında birbaşa əlaqələrin gücləndirilməsi və birgə mədəni layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

A.Quliyev mayda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) qlobal şəhər gündəliyinin müzakirəsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirərək, həmkarını bu mötəbər tədbirdə iştirak üçün Bakıya dəvət edib.

Görüşdən sonra Komitə sədri "Şuşa Parkı"nın ərazisi ilə yerində tanış olub. Park layihəsinin konsepsiyasını Komitənin "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu hazırlayıb, detallı layihələndirmə işlərini isə Komitənin sifarişi əsasında Bolqarıstanın "DAD Studio" LTD şirkəti icra edib.

Şəhərin mərkəzi hissəsində yerləşən və 1,8 hektar ərazini əhatə edən park şəhər sakinləri və qonaqlar üçün müasir ictimai məkan kimi nəzərdə tutulub. Layihə çərçivəsində funksional zonalaşdırma, piyada zolaqları, istirahət və rekreasiya sahələri, süni su hövzəsi və musiqili fəvvarə planlaşdırılıb. Parkın ərazisində Nizami Gəncəvinin abidəsi, "Şuşa" instalyasiyası, bədii həllində isə xarıbülbül motivləri yer alacaq. Burada yerli iqlim şəraitinə uyğun yaşıllaşdırma və abadlıq işləri görüləcək.

Parkın salınması Azərbaycanla Bolqarıstan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə, eləcə də milli-mədəni dəyərlərimizin beynəlxalq müstəvidə təşviqinə xidmət edəcək.