Jeffrey Epsteinlə bağlı açıqlanan sənədlərdə Epstein-in Ohayo Ştat Universitetinin Ginekologiya Bölməsinin rəhbəri Dr. Mark Landon-a hər 3 ayda bir 25 min dollar ödədiyi üzə çıxıb.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, sənədlərdə diqqət çəkən digər bir detal isə araşdırılan e-poçtlarda Ed Epstein-in 2003-cü ildə Epstein-in keçmiş sevgilisi Ghislaine Maxwell-ə 11 sentyabr terror hücumlarının tarixinə istinad edərək “9/11 Kölgə Komissiyasına qatılmaq istərdinmi?” sualını ünvanlaması olub.
ABŞ Ədliyyə Nazirliyinin Epstein istintaqı çərçivəsində paylaşdığı sənədlərdəki detallar ictimaiyyətə açıqlanmağa davam edir. Sənədlərdə “Eric” adlı şəxsin 11 aprel 2005-ci ildə Epstein-ə göndərdiyi mesajda “Dr. Landon-a 3 aylıq 25 min dollar ödəniş vaxtı çatıb, zəhmət olmasa təsdiqləyin” ifadəsinin yer aldığı görünür.
ABŞ mətbuatında bildirildiyinə görə, Landon həmin dövrdə Epstein-lə yaxın münasibətdə olan amerikalı milyarder Les Veksnerin adını daşıyan Ohayo Ştat Universitetinin Wexner Tibb Mərkəzində 1987-ci ildən çalışıb.
Ohayo Ştat Universitetində həkim və professor kimi fəaliyyət göstərən Landon, eyni zamanda ginekologiya və doğum şöbəsinin rəhbəri olub.
Bu mesajlarla yanaşı, sənədlərdə Epstein-in Landon-un ünvanına ən azı 10 paket göndərdiyi qeyd edilsə də, bu paketlərin məzmunu barədə məlumat verilmir.
Landon isə mövzu ilə bağlı açıqlamasında Epstein və ya hər hansı bir qurban üçün klinik xidmət göstərmədiyini, ödənişlərin Epstein-in maliyyə idarəetmə şirkəti olan “New York Strategy Group” üçün mümkün biotexnologiya investisiyaları ilə bağlı məsləhət xidməti məqsədi daşıdığını iddia edib.
Epstein-in cinayət xarakterli fəaliyyətlərindən həmin dövrdə xəbərdar olmadığını bildirən Landon, bu əməllərin qınanmalı olduğunu və qurbanlar üçün “çox pis hiss etdiyini” deyib.
Sənədlərdə yer alan bir e-poçtda Epstein-in köməkçisi Sarah Kellen-in onun Nyu-Meksiko ştatındakı Zorro ferması üçün aldığı bir tablo da diqqət çəkir.
Kellen 2011-ci ilə aid e-poçtda Rich Barnett adlı şəxsə Cornelis Cornelisz van Haarlem-in “Məsumların qətliamı” adlı tablosunun fermaya göndərilmə ehtimalını soruşub.
E-poçtda tabloyu təsvir edən Kellen, əsər üçün “körpələrin öldürüldüyü səhnə” ifadəsini işlədib.
Sənədlərdə, həmçinin fahişəlik şəbəkəsi qurmaq ittihamı ilə saxlanılan Epstein-in Sanita adlı şəxsə “Kimball-a başqa bir qız verdim, çox həyəcanlandı. Ona sənin tünd rəng gözləri sevdiyini dedim” söylədiyi də yer alır.
Araşdırılan e-poçtlarda Ed Epstein-in 2003-cü ildə Epstein-in keçmiş sevgilisi Ghislaine Maxwell-ə 11 sentyabr hücumlarına istinad edərək “9/11 Kölgə Komissiyasına qoşulmaq istərdinmi?” sualını verdiyi görünür.
18 yaşdan kiçik onlarla qız uşağına cinsi zorakılıq etmək və fahişəlik şəbəkəsi yaratmaq ittihamı ilə mühakimə olunan Epstein, Nyu-Yorkdakı Manhetten Metropolitan Təcridxanasında saxlanıldığı kamerada 10 avqust 2019-cu ildə ölü tapılmışdı.
Açıqlanan Epstein məhkəmə sənədlərində Böyük Britaniyanın keçmiş şahzadəsi Endryu, ABŞ Prezidenti Donald Trump, keçmiş ABŞ Prezidenti Bill Klinton, keçmiş İsrail Baş naziri Ehud Barak, keçmiş ABŞ vitse-prezidenti Al Qor, aktyor Kevin Spacey, müğənni Maykl Cekson, illüziya ustası David Copperfield, vəkil Alan Dershowitz və keçmiş Nyu-Meksiko qubernatoru Bill Riçardson kimi tanınmış şəxslərin adları yer alıb.
ABŞ Federal Təhqiqat Bürosu (FBI) isə ABŞ Ədliyyə Nazirliyi ilə apardığı araşdırmanın nəticəsində məşhur şəxslərdən ibarət “müştəri siyahısı”nın mövcudluğuna dair hər hansı sübut tapılmadığını, Epstein-in hökumət rəsmiləri, məşhurlar və iş adamlarının da daxil olduğu şəxslərin cinayətlərini ört-basdır etmək məqsədilə öldürüldüyü iddialarının əsassız olduğunu və onun həqiqətən də kamerada intihar etdiyi qənaətinə gəldiyini açıqlayıb.