Ukraynada hava hücumundan müdafiənin gücləndirilməsinə dair plan açıqlanıb

12 Fevral 2026 15:30 (UTC+04:00)

Ukraynada strateji və mühüm obyektlərin hava hücumlarından qorunması üçün yeni qoşun növü yaradılacaq.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı general Aleksandr Sırski fevralın 12-də “Telegram” hesabında məlumat verib. Baş komandan bildirib ki, ölkənin hava hücumundan müdafiə (HHM) sistemi son dərəcə mürəkkəb şəraitdə – davamlı raket və pilotsuz uçuş aparatları hücumları fonunda fəaliyyət göstərir və hər gün ölkəni hava təhdidlərindən qoruyur.

Onun sözlərinə görə, son iki il ərzində HHM sisteminin effektivliyi təxminən 74 faiz səviyyəsində qalıb və bu göstəricinin artırılması istiqamətində işlər davam etdirilir. Effektivliyin yüksəldilməsi üçün innovativ həllərin tətbiqi planlaşdırılır. A.Sırski qeyd edib ki, düşmən hər gün 100-200 ədəd “Shahed” tipli zərbə PUA-sından istifadə edir və vaxtaşırı kütləvi raket və aviasiya hücumları həyata keçirir. Baş komandan əlavə edib ki, mürəkkəb hava şəraitində əsas və ən effektiv vasitə bütün hava şəraitində fəaliyyət göstərə bilən zenit-raket qoşunlarıdır. Əlverişli hava şəraitində isə müdafiə tədbirlərinə aviasiya, helikopterlər və interceptor dronlar da fəal şəkildə cəlb olunur.

Məlumata görə, hazırda HHM sisteminin pilotsuz komponentinin effektivliyini artırmaq üçün kompleks təşkilati tədbirlər həyata keçirilir. Bu çərçivədə:

Xatırladaq ki, bir həftə əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bəzi bölgələrdə hava hücumundan müdafiə sisteminin fəaliyyətini, xüsusilə “Shahed” tipli pilotsuz aparatlara qarşı mübarizəni tənqid etmiş və HHM qüvvələrində kadr dəyişikliklərinin olacağını açıqlamışdı. Dövlət başçısı həmçinin “kiçik” hava hücumundan müdafiə sisteminin inkişafı ilə bağlı tapşırıqlar vermişdi.