"ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri, Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması və əməkdaşlıq gündəliyinin genişləndirilməsi iki ölkə münasibətlərində keyfiyyətcə yeni mərhələnin formalaşdığını göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Bu proses təkcə ikitərəfli əlaqələrin inkişafı baxımından deyil, həm də Cənubi Qafqazın geosiyasi arxitekturası və regional təhlükəsizlik mühiti üçün əhəmiyyətli nəticələr vəd edir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.
Onun sözlərinə görə, strateji tərəfdaşlıq formatı münasibətlərin epizodik əməkdaşlıq səviyyəsindən çıxaraq uzunmüddətli və sistemli əməkdaşlıq mərhələsinə keçdiyini göstərir: "Enerji, nəqliyyat, yüksək texnologiyalar, süni intellekt, data mərkəzləri və təhlükəsizlik sahələrində əməkdaşlığın genişlənməsi Azərbaycanın regional deyil, daha geniş geoiqtisadi və geosiyasi proseslərdə iştirakını gücləndirir. Xüsusiləır TRIPP nəqliyyat dəhlizinin inkişafı Azərbaycanın Avrasiya məkanında mühüm logistika və tranzit mərkəzinə çevrilməsi perspektivlərini artır. Bu proses regionun geosiyasi balansına da təsirsiz qalmayacaq. ABŞ-ın regionda iqtisadi və siyasi iştirakının artması Cənubi Qafqazda maraqlar balansının daha çox çoxtərəfli xarakter almasına səbəb ola bilər. Bu isə regionun yalnız rəqabət məkanı deyil, eyni zamanda əməkdaşlıq platformasına çevrilməsi üçün əlavə imkanlar yaradır. Böyük güclərin iqtisadi maraqlarının regionda formalaşması sabitliyin qorunmasına obyektiv marağı da artırır.
Azərbaycan–Ermənistan münasibətləri kontekstində isə bu əməkdaşlıq sülh gündəliyinə dolayı, lakin mühüm təsir göstərə bilər. Nəqliyyat və logistika layihələrinin reallaşması region ölkələri arasında iqtisadi qarşılıqlı asılılıq yaradır. Bu isə münaqişə risklərini azaldan və uzunmüddətli sabitliyi təşviq edən əsas amillərdən biri hesab olunur. Əgər regional kommunikasiyalar açılarsa və Ermənistan da bu iqtisadi proseslərə inteqrasiya olunarsa, bu, sülh prosesinin praktik və iqtisadi əsaslar üzərində möhkəmlənməsinə xidmət edə bilər. Digər tərəfdən, yüksək texnologiyalar və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq Azərbaycanın modern iqtisadi modelə keçidini sürətləndirə və ölkənin beynəlxalq investisiya cəlbediciliyini artıra bilər. Bu isə həm iqtisadi dayanıqlığı gücləndirər, həm də ölkənin regional liderlik mövqelərini möhkəmləndirər. Ümumilikdə, ABŞ ilə strateji əməkdaşlığın dərinləşməsi Azərbaycanın beynəlxalq mövqelərini gücləndirən, regionda sabitlik və əməkdaşlıq mühitini təşviq edən və Azərbaycan–Ermənistan sülh gündəliyinin daha real iqtisadi və geosiyasi əsaslar üzərində irəliləməsinə töhfə verən mühüm amil kimi qiymətləndirilə bilər".