Türkiyədə toyuq ixracına qadağa, daxili bazarda qiymət artımına səbəb olacaqmı? - EKSPERT DANIŞDI

12 Fevral 2026 15:24 (UTC+04:00)

“İlk növbədə onu qeyd edim ki, Türkiyə Ticarət Nazirliyinin toyuq məhsullarında ixraca qadağa qoyması Ramazan bayramında süni qiymət artımının qarşısının alınması və istehlakçılar üçün qiymətlərin əlçatan olması məqsədilədir”.

Bu sözləri SİA -ya açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova bildirib.

Onun sözlərinə görə, hər bayram ərəfəsi hökumət bu kimi tədbirlər görür:

”Həm ixracın qarşısı alınaraq bazarda məhsul bolluğu yaratmaq – başqa sözlə desək, təklifin artmasına bağlı olaraq qiymət siyasətini tənzimləmək, həm də digər məhsullardakı süni qiymət artımının qarşısını almaq məqsədilə yerli bələdiyyələrin nəzdində fəaliyyət göstərən “zabıta məmurları” tərəfindən mağaza və vitrinlərə nəzarət olunur.

Nümunə olaraq, 1 ay öncə toyuq 130 türk lirəsinə satılıb, bayram ərəfəsində isə 210 türk lirəsinə. Alış və satış fərqi olduqca yüksəkdirsə və bu fərq firma tərəfindən deyil, mağaza satışından irəli gəlirsə, mağazaya külli miqdarda cərimə yazılır. Həmçinin, kassa qiyməti ilə vitrin qiyməti arasında fərq varsa və ya bayram endirimi adı altında son istifadə tarixi keçmiş məhsullar satılırsa, mağazaya külli miqdarda cərimə tətbiq edilir.

Bununla belə, bir məsələni də qeyd edim ki, ət məhsullarının satışı dövlətə məxsus “Tarım Kredi Kooperativi” mağazalarında Ramazan ayı boyunca olduqca münasib qiymətə təmin ediləcək.

Türkiyədəki ixrac qadağasının Azərbaycan iqtisadiyyatı və daha dəqiq desək, daxili bazara təsirinə gəldikdə isə, yerli istehsal toyuq məhsulları kifayət qədərdir. Yəni ölkəmizdə toyuq məhsullarının qiymətində artım olacağını düşünmürəm; hər hansı bir artımda sahibkar digər xarici bazarlara yönələ bilər.

Ət və ət məhsullarına gəldikdə isə bazarda məhsul bol görünsə də, nə məhsul bolluğu həqiqi mənada var, nə də alıcı kütləsi. Bazardakı bolluq Monqolustan və Ukrayna ətlərinin hesabınadır. Hətta bir qrup şəxsin həmin ətlərə qarşı qara piarından sonra yerli məhsulun da qiyməti süni olaraq artıb. Onsuz da kəndlinin heyvandarlıqdan uzaqlaşması, yemin baha olması və işsizlik səbəbindən yaranan şəhər sevdası bu sahənin də çətin vəziyyətə düşməsinə gətirib çıxarmışdı.

Bəlkə də 1 manatlıq qiymət artımı cüzi görünə bilər, lakin artmayan əmək haqqı qarşısında bir ailə üçün əlavə xərc yaradır”.