"Azərbaycan müstəqilliyinin ilk illərindən, hətta Sovet İttifaqının tənəzzülünün son dövrlərindən etibarən terrorizmə məruz qalan dövlətlərdən biri olmuşdur".
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.
.jpg)
Onun sözlərinə görə, xüsusilə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz çərçivəsində törədilmiş bir sıra qanunsuz əməllər terror aktları ilə müşayiət olunmuşdur: "Məhz bu səbəbdəndir ki, bir neçə gün öncə törətdikləri cinayət əməllərinə görə məhkəmə hökmü çıxarılmış bir qrup erməni əsilli şəxsin ittiham olunduğu cinayətlər sırasında terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi hallarına da yer verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-cü maddəsində terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi cinayət əməli kimi təsbit edilmişdir və qeyd olunan şəxslər də həmin maddə üzrə ittiham olunmuşlar.
Azərbaycan Respublikası terrorizmlə mübarizəni həm daxili, həm də xarici siyasətində vacib istiqamətlərdən biri kimi müəyyənləşdirmiş və bu istiqaməti dövlət siyasətinin əsas komponentlərindən birinə çevirmişdir. İmzalanmış ikitərəfli və çoxtərəfli sazişlərdə terrorizmlə mübarizə məsələləri öz əksini tapmış, Azərbaycan Respublikası müvafiq beynəlxalq konvensiyalara qoşulmuşdur. Bu günə qədər Azərbaycan 26 dövlətlə strateji tərəfdaşlıq haqqında sənəd imzalamışdır və həmin sənədlərdə əsas müddəalardan biri terrorizmlə mübarizə sahəsində səylərin əlaqələndirilməsidir.
Aktual məsələlərdən biri də Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında beynəlxalq terrorizmlə mübarizə istiqamətində həyata keçirilən birgə fəaliyyətlərdir. ABŞ-ın vitse-prezidenti Vensin Bakıya səfəri zamanı Prezident İlham Əliyevlə keçirilən mətbuat konfransında Azərbaycanın beynəlxalq terrorizmlə mübarizəyə verdiyi töhfə yüksək qiymətləndirilmiş, xüsusilə Əfqanıstanda həyata keçirilən birgə əməliyyatlar nümunə kimi göstərilmişdir. Eyni zamanda Azərbaycan ilə ABŞ arasında imzalanmış Strateji tərəfdaşlıq haqqında Xartiyanın müdafiə və təhlükəsizlik sahəsinə dair bölməsində terrorizmlə mübarizənin davam etdirilməsi, bu istiqamətdə səylərin əlaqələndirilməsi və genişləndirilməsi xüsusi müddəa kimi öz əksini tapmışdır.
Ümumilikdə vurğulamaq lazımdır ki, terrorizmlə mübarizə Azərbaycanın beynəlxalq fəaliyyətində mühüm istiqamətlərdən biridir. Bununla yanaşı, Azərbaycan Respublikasının beynəlxalq sülhyaratma missiyalarında iştirakı da regional və qlobal səviyyədə sabitliyə və təhlükəsizliyə töhfə verməklə terrorizm üçün zəmin yaradan amillərin aradan qaldırılmasına xidmət edir".