"Rəqəmsal sektor iqtisadi artımı möhkəmləndirir" - ŞƏRH

12 Fevral 2026 14:59 (UTC+04:00)

"Azərbaycan rəqəmsal iqtisadiyyatı və süni intellekti yaxından dəstəkləyən ölkələrdən biridir".

Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, cənab Prezidentin sədrliyi ilə keçirilmiş “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə də qeyd olunduğu kimi, növbəti mərhələdə rəqəmsal iqtisadiyyatın ümumi daxili məhsulda payının artırılması əsas hədəflərdən biridir: "İnsan kapitalının gücləndirilməsi və rəqəmsal iqtisadiyyatın inkişafı təkcə iqtisadi dayanıqlığın təmin olunmasına deyil, eyni zamanda yeni dəyər zəncirlərinin formalaşmasına, innovativ məhsul və xidmətlərin yaradılmasına imkan verir.

Qlobal iqtisadiyyatda da rəqəmsal sektorun payı sürətlə artmaqdadır. Son göstəricilərə əsasən, rəqəmsal iqtisadiyyatın həcmi 2025-ci ildə təxminən 24 trilyon dollara çatmışdır.

Azərbaycanda iqtisadiyyatın təxminən 3 faizi rəqəmsal sektorun payına düşür və qarşıya qoyulan əsas məqsəd bu göstəricini daha da artırmaqdır.
Müşavirədə səsləndirilən məsələlər vahid və sistemli fəaliyyət mexanizminin formalaşdırılmasına, dövlət və özəl sektor arasında koordinasiyanın gücləndirilməsinə xidmət edir. Bu yanaşma iqtisadiyyatın innovasiyalaşdırılmasını sürətləndirəcək, süni intellekt də daxil olmaqla qabaqcıl rəqəmsal texnologiyaların tətbiqini genişləndirəcək və nəticə etibarilə Azərbaycanın iqtisadi artımının davamlılığını və dayanıqlığını daha da möhkəmləndirəcəkdir".