“Qarşıdan gələn Ramazan ayı bütün müsəlmanlar üçün müqəddəs və fəzilətli bir dövrdür”.
Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.
Onun sözlərinə görə, “Ramazan” sözünün mənası “yandırmaq” deməkdir və bu fəlsəfi mənada insanın günahlarının təmizlənməsi və mənəvi paklığa nail olması ilə izah olunur:
”Ramazan ayı insanlara Allah tərəfindən bağışlanma imkanı təqdim edir, günahlardan təmizlənmək və mənəvi yüksəliş əldə etmək üçün xüsusi bir fürsətdir.
Ramazan ayı yalnız fiziki orucla məhdudlaşmır; bu ay insanın bütün əzalarını, gözünü, dilini, qulağını, əlini, ayağını və ruhunu günahdan qorumasını tələb edir. Oruc, yaradan ilə insan arasındakı birbaşa ünsiyyət vasitəsidir və burada riya və ya zahiri göstərmə yer almır. Səhərdən axşama qədər ac və susuz qalmaq, iradəni nümayiş etdirmək və Allahın əmirlərinə tabe olmaq bu ibadətin əsas prinsiplərindən biridir.
Ramazan ayının sosial və iqtisadi aspektləri də xüsusi önəm daşıyır. Bu ayda maddi imkanı yaxşı olan insanlar, maddi imkanı zəif olanlara dəstək olmalı, iftar süfrələri təşkil etməli və ərzaq yardımı göstərməlidirlər. Şəhid ailələri, qazilər və xəstələr xüsusi diqqətə layiqdir. Bu tədbirlər insanları birləşdirir, paylaşma və həmrəyliyi təşviq edir.
Orucluğun niyyəti yalnız Allah üçün olmalıdır. Orucun pəhriz və ya forma məqsədilə tutulması ibadət kimi qəbul edilmir. Orucluğa hazır olmaq, həm fiziki, həm də mənəvi baxımdan özünü hazırlamaq vacibdir. Həmçinin, oruc tuta bilməyən, lakin maddi imkanı olan şəxslər fidyə verə bilər. Fitrə isə bir aylıq yemək xərci qədər müəyyən edilir və Ramazan ayının sonuna qədər, bayramdan bir gün əvvəl ödənilir. Ailə üzvlərinin sayı və ərzaq növü (buğda, düyü, xurma, kişmiş və s.) fitrə məbləğini müəyyənləşdirir.
Qədr gecələri Ramazan ayının ən müqəddəs vaxtlarından biridir. Sünni və şiə məzhəblərinə görə bu gecələr fərqli təqvimlərlə qeyd olunur, lakin ümumi olaraq son on günün gecələrinə təsadüf edir. Qədr gecəsi Quranın nazil olduğu, ruzinin yazıldığı və insan üçün xüsusi bərəkət və savab gecəsidir. Bu gecələrdə xüsusi dualar, namazlar və ibadətlər tövsiyə olunur. İnsanlar məscidlərdə birgə ibadət edə bilirlər, məscidə gələ bilməyənlər isə evdə də ibadətlərini yerinə yetirə bilərlər.
Ramazan ayı insanın mənəvi və sosial həyatında həm fərdi, həm də ictimai əhəmiyyət daşıyır. Bu ayın məqsədi yalnız fiziki oruc deyil, həm də ruhun paklanması, günahlardan təmizlənməsi, paylaşma və həmrəylik kimi dəyərlərin həyata keçirilməsidir. Oruc və ibadət yalnız Allah rizası üçün olmalı, mənəvi və sosial fayda maksimum dərəcədə nəzərə alınmalıdır”.