AFFA rəsmiləri və Ayxan Abbasov Millətlər Liqasının püşkatma mərasiminə qatılacaqlar

12 Fevral 2026 12:34 (UTC+04:00)

Bu gün Belçikanın paytaxtı Brüsseldə keçiriləcək UEFA Konqresi və Millətlər Liqasının püşkatma mərasimində iştirak edəcək AFFA nümayəndələri bəlli olub.

Milli assosiasiyadan SİA-ya bildirilib ki, konqresə AFFA-nın baş katibi Cahangir Fərəcullayevlə icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov qatılacaqlar. Tədbir Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Püşkatma mərasimində bu iki AFFA rəsmisi ilə yanaşı, Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov və direktoru İlqar Qurbanov iştirak edəcəklər. Bu tədbir Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, püşkatma mərasimində Azərbaycan millisinin D Liqasındakı rəqibləri məlum olacaq. Komanda püşkatma zamanı 1-ci səbətdə yer alacaq. Burada 6 ölkənin yığması hərəsində 3 komanda olan 2 qrupa bölünəcək. Komandalar bir-birinə qarşı ev və səfər prinsipi olmaqla 4 matç keçirəcəklər. D Liqasında mübarizə aparacaq 4 milli komanda məlumdur. Digər iki yığma bu ilin mart ayında təşkil olunacaq pley-off oyunlarından sonra dəqiqləşəcək.