Gülümsəmək məcburiyyətə çevriləndə…

12 Fevral 2026 11:43 (UTC+04:00)

Gülümsəmək bəzən xoşbəxtliyin ən saf ifadəsi olur. Amma elə anlar var ki, o gülüş ürəkdən deyil, məcburiyyətdən doğur. İnsan içində qopan fırtınaları gizlətmək üçün üzünə taxdığı bu süni təbəssümlə cəmiyyətə uyğunlaşmağa çalışır.

Cəmiyyət bizdən daim güclü olmağı, pozitiv görünməyi tələb edir. “Necəsən?” sualına avtomatik “yaxşıyam” cavabını vermək artıq vərdişə çevrilib. Halbuki çox zaman bu cavabın arxasında yorğunluq, ümidsizlik və səssiz çarəsizlik gizlənir.

Məcburi gülüş insanın öz hisslərini inkar etməsi deməkdir. Dərdini deməmək, ağrını boğmaq, göz yaşını içində saxlamaq… Bütün bunlar zamanla daxili bir yükə çevrilir və insanı özündən uzaqlaşdırır.

Ən ağır tərəfi isə budur ki, insan tək qalanda da gülümsəməyə davam edir. Güzgüdə gördüyü sima artıq onun gerçək hisslərini əks etdirmir. O gülüş maskaya çevrilir, maska isə insanın özünə yadlaşmasına səbəb olur.

Daim gülümsəmək məcburiyyətində qalmaq psixoloji yorğunluq yaradır. İnsan zəif görünməmək üçün güclü rolunu oynayır, amma bu rolun arxasında sönən bir ruh qalır. Heç kəs bu səssiz çöküşü görmür, çünki hamı gülüşə inanır.

Halbuki insanın gülümsəməyə deyil, anlaşılmağa ehtiyacı var. Bəzən bir “yorulmuşam” demək, bir “yaxşı deyiləm” etirafı süni təbəssümdən daha şəfalıdır. Səmimi hisslər gizlədildikcə, daxili boşluq daha da dərinləşir.

Gülümsəmək gözəldir, amma məcburiyyətə çevriləndə ağrıya dönür. İnsan gülüşü ilə deyil, həqiqəti ilə qəbul edilməlidir. Çünki gerçək rahatlıq, üzümüzdəki gülüşdən yox, içimizdəki sükunətdən başlayır”.