İnsan ətraf mühiti məhv edir, yoxsa ətraf mühit insanı “cəzalandırır”? - EKOLOQ DANIŞDI

12 Fevral 2026 11:22 (UTC+04:00)

"Son illər dünyada baş verən iqlim dəişiklikləri, quraqlıq, sel və daşqınlar, meşə yanğınları və su çatışmazlığı fonunda tez-tez belə bir fikir səslənir.”Təbiət insanı cəzalandırır”.Bəs həqiqətənmi ətraf mühit insanı cəzalandırır, yoxsa insan özü təbiəti məhv edərək bu nəticələrlə üz-üzə qalır".

Bu sözləri SİA-ya açıqlamasında Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.

Onun sözlərinə görə, əvvəla qeyd etmək lazımdır ki, təbiətin şüuru və məqsədi yoxdur: "Təbiət kimisə cəzalandırmaq üçün qərar vermir. Lakin onun dəyişməz qanunları var.Bu qanunlar pozulduqda isə nəticələr qaçılmaz olur. Məsələ də məhz burada başlayır. Sənayeləşmə, urbanizasiya və surətli iqtisadi inkişaf son yüzillkidə insan həyatını rahatlaşdırsa da, bunun əvəzində ətraf mühitə ciddi zərbə vurulub. Meşələrin kütləvi qırılması,torpaqların deqratasiyası, su hövzələrinin çirklənməsi, atmosferə atılan istixana qazları ekosistemin təbii tarazlığını pozur.İnsan təbiətin resuslarından ehtiyac çərçivəsində deyil, çox vaxt həddindən artıq və nəzarətsiz şəkildə istifadə edir.

İqlim dəyişikliyi bunun bariz nümunəsidir. Qlobal temperaturun artması nəticəsində quraqlılar intensivləşir, su ehtiyatları azalır, kənd təsərrüfatı məhsuldarlığı aşağı düşür. Digər tərəfdən, atmosferdəki dəyişikliklər ekstremal hava hadisələrinin sayını artırır – güclü yağışlar, sel və daşqınlar, isti hava dalğaları daha tez-tez müşahidə olunur.Bu isə insan sağlamlığına birbaşa təsir göstərir.

Belə hallarda baş verənləri ”təbiətin cəzası” kimi qiymətləndirirlər.Halbuki burada söhbət səbəb nəticə əlaqəsindən gedir.İnsan fəaliyyəti nəticəsində pozulan ekoloji balans öz mexanizimləri ilə reaksiya verir. Lakin bu proses insan üçün ağır nəticələr doğura bilər.

Təbiəti məhv etmək əslində öz yaşayış mühitimizi zəiflətmək deməkdir. Sağlam ətraf mühit olmadan nə iqtisadi inkişaf, nə sosial rifah, nə də gələcək nəsillərin təhlükəsisliyi mümkün deyil.

Nəticə etibarilə, ətraf mühit insanı cəzalandırmır.İnsan özü təbiətə müdaxiləsinin nəticələri ilə üzləşir. Seçim isə hələ də insanın əlindədir:ya dağıdıcı fəaliyyət davam edəcək və nəticələr ağırlaşacaq, ya da dayanıqlı inkişaf, ekoloji məsuliyyət və təbiətə hörmət prinsipləri əsas götürüləcək. Təbiətlə mübarizə aparmaq mümkin deyil. Onunla harmoniyada yaşamaq isə mümkündür, həm də zəruridir".