Fevralın 11-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 121, o cümlədən borclu şəxs qismində axtarışda olan 91, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 12 və dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqədar 25 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 18,5 kiloqrama yaxın narkotik vasitə və 306 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 26 tüfəng, 3 patron darağı və 49 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər də saxlanılıb.