90 milyard avroluq kredit təsdiqlənib...

11 Fevral 2026 17:36 (UTC+04:00)

Avropa Parlamentinin (AP) deputatları çərşənbə günü Strasburqda keçirilən plenar iclasda Ukraynaya 2026-2027-ci illər üçün 90 milyard avro həcmində kredit verilməsi təklifini dəstəkləyiblər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Avropa Komissiyasının təklifi 458 lehinə və 140 əleyhinə səslə təsdiqlənib, 44 deputat isə bitərəf qalıb.

AP iclasının materiallarında xatırladılır ki, 2025-ci il oktyabrın 23-də 26 üzv dövlət Avropa Komissiyasına Ukraynaya maliyyə dəstəyi təklifini mümkün qədər tez təqdim etməyi tapşırıb, həmçinin maliyyələşdirmə üçün variantlar təklif olunub.

Kredit Rusiyadan alınması gözlənilən təzminatlar vasitəsilə ödəniləcək. Kiyev üçün ayrılan 90 milyard avrodan 60 milyard avronun Ukraynanın müdafiəsinə xərclənməsi planlaşdırılır.

Avropa İttifaqı Şurası indi kreditin təqdim olunması reqlamenti üzrə son rəsmi qərar qəbul etməlidir