Dəyişkən hava ruh halına necə təsir edir ? - PSİXOLOQ DANIŞDI

11 Fevral 2026 15:37 (UTC+04:00)

“Dəyişkən hava şəraiti xroniki təşviş və yorğunluqdan əziyyət çəkən insanlara təsir göstərir. Amma həmin insanlar bir çox hallarda bu problemin fərqinə varmırlar, çünki sözügedən təşvişi və yorğunluğu gündəlik həyat tərzi olaraq qəbul edirlər.”

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Psixoloq qeyd edib ki, xroniki yorğunluq hər gün səhər evdən çıxıb, axşam saatlarında evə qayıtmaq, həmçinin özünə yetərli qədər vaxt ayırmamaq nəticəsində formalaşır:

“Göründüyü kimi, bunun da arxasında təşviş məsələsi dayanır. Belə ki, hər bir işin öhdəsindən gəlməyə çalışmaq, tələsmək insanın birdən-birə çökməsinə gətirib çıxarır. Belə olduqda isə yuxudan durmaq istəmir, bütün gün yorğun hiss edir və nə olduğunu anlamır. Bu zaman isə hava dəyişkənliyi insanların əlində ən yaxşı səbəbə çevrilir. İnsanlar artıq ruh hallarını, yorğunluqlarını birbaşa olaraq tez-tez dəyişən hava ilə əlaqələndirirlər.”

Aytən Ələkbərova bildirib ki, hava bizi yox, biz havanı idarə etməyi bacarmalıyıq: “İstənilən hava şəraitində gözəl vaxt keçirmək mümkündür. Buna görə də hər mövsümün havasına uyğunlaşmalı, özümüzə zaman ayırmağı öyrənməliyik. Ölkəmizdə ilin təxmini 10 ayı soyuq keçir. Digər iki ayda isə insanlar isti havadan, yüksək temperaturdan və s. şikayətlənirlər. Yəni bütün bunlar sadəcə insan düşüncələridir. Hava insanın ruh halına təsir göstərmir, amma biz öz mənfi düşüncələrimizlə həyatı çətinləşdiririk. Amma unutmaq olmaz ki, hər günün, hər saatın öz xoşbəxtliyi var və bu anların fərqinə varıb, yaşamaq lazımdır.”