"Gələcəyin haradan və necə formalaşacağını yalnız Allah bilir. Heç kim dəqiq şəkildə deyə bilməz ki, gələcək hansı istiqamətdə inkişaf edəcək. Ümumiyyətlə, bütün ölkələrdə müəyyən narazı kontingent mövcuddur. İş həyatı ilə, karyerası ilə bağlı gözləntilərini reallaşdıra bilməyən insanlar təbii olaraq narazı olur və başqa ölkələrə üstünlük verirlər. Dünyanın bütün ölkələri arasında miqrasiya prosesi mövcuddur".
Bu sözləri SİA-ya açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı deyib.

O bildirib ki, gənclər daha yaxşı iş, daha yaxşı təhsil və daha geniş imkanlar üçün ölkələrini dəyişirlər: "Bu tamamilə normal haldır. Heç bir ölkə ideal deyil. Azərbaycandan da başqa ölkələrə gedən gənclər var və bu, daha yaxşı karyera, biznes və ya təhsil məqsədi daşıyır.
Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycanda da uğurlu gənclər kifayət qədərdir. Startap layihələrini reallaşdıran, sıfırdan biznes quran, heç bir dəstək olmadan müxtəlif sahələrdə uğur qazanan gənclər mövcuddur. Bu, istər idman sahəsində, istər yaradıcılıq və mədəniyyət, istərsə də texnologiya və innovasiya sahələrində özünü göstərir. Bir çox gənc məhz bu ölkədə öz fəaliyyətini daha rahat şəkildə qura bilir.
Hər ölkənin öz üstün və zəif tərəfləri mövcuddur. Bəzi ölkələrdə müəyyən sahələr bizdən daha inkişaf etmiş ola bilər, amma elə sahələr də var ki, Azərbaycanda vəziyyət daha əlverişlidir. Məsələn, bəzi ölkələrdə biznes fəaliyyəti üçün vergi yükü 70-80 faizə qədər yüksəlir. Azərbaycanda isə bu göstərici xeyli aşağıdır. Hər ölkənin özünəməxsus çətinlikləri və problemləri var; dünya standart deyil, fərqlidir.
Bu baxımdan “bu ölkədə gələcək yoxdur” yanaşması düzgün deyil. İnsanlar daha fəal olsalar, zamanın tələblərinə uyğunlaşsalar, Azərbaycanda da öz gələcəklərini qurmaq mümkündür. Əlbəttə ki, problemlər var və ideal vəziyyət mövcud deyil, amma bu problemlərin həlli üçün həm dövlət, həm də vətəndaşlar birlikdə çalışmalıdır. Dövlət məşğulluq məsələsi ilə bağlı mühüm proqramlar həyata keçirə bilər və artıq həyata keçirir. Məsələn, özünüməşğulluq proqramı olduqca uğurlu təşəbbüsdür. Bu proqram vasitəsilə yüz minlərlə insan öz biznesini qurub gəlir əldə edir. Proqramların maliyyə imkanları və əhatə dairəsi genişləndirilsə, daha çox insan təşviq olunar ki, istehsal, xidmət və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərsin.
Beləliklə, gənclər görər ki, əgər zəhmət, bacarıq və qabiliyyət varsa, öz ölkəsində də rahat şəkildə iş qurmaq və arzularını reallaşdırmaq mümkündür. Təbii ki, bəzi sahələr var ki, digər ölkələrdə daha inkişaf edib və insanlar ora üz tuturlar. Bu da normaldır. Eyni zamanda Azərbaycana işləmək üçün gələn miqrantlar da mövcuddur, çünki burada onlar üçün daha yaxşı şərait mövcuddur. Ümumilikdə sosial-iqtisadi inkişaf artdıqca bu kimi problemlər tədricən aradan qalxacaq. İqtisadiyyat inkişaf etdikcə, yeni sahələr yarandıqca, məşğulluq imkanları genişləndikcə və gənclərə dəstək artdıqca bu cür pessimist yanaşmalar öz aktuallığını itirəcək.
Biz uzun illər çətin dövrlərdən keçmişik - müharibə şəraitində yaşamışıq, dövlət xərcləri yüksək olub. İndi isə işğaldan azad olunmuş ərazilərin bərpası kimi böyük və maliyyə tələb edən bir mərhələni yaşayırıq. Bu proseslər zaman, resurs və səbir tələb edir. Lakin artıq bu məsələlər mərhələli şəkildə öz həllini tapır. Hesab edirəm ki, qarşıdakı illərdə ölkəmizin həm iqtisadi, həm də sosial inkişafı artan xətlə davam edəcək. Gənclər öz ölkəsində daha yaxşı imkanlar əldə edəcək, iqtisadi fəal əhalinin sayı artacaq, istehsal və xidmət sahələri genişlənəcək. Azərbaycanın strateji ehtiyatları, iqtisadi potensialı və gəlirləri buna imkan verir".
Bu imkanlardan düzgün istifadə olunsa və effektiv proqramlar həyata keçirilərsə, ölkədə rifah səviyyəsi yüksələcək və gənclərin xaricdə iş axtarmasına ehtiyac azalacaq. Təhsil və karyera məqsədilə xaricə getmək isə hər zaman olacaq və bu, normal haldır. Ümidvaram ki, yaxın illərdə bu sahədə vəziyyət daha da yaxşılaşacaq və “bu ölkədə gələcək yoxdur” kimi fikirlərə artıq ehtiyac qalmayacaq".