“Azərbaycan-ABŞ strateji dialoqu yeni imkanlar yaradır“ - ŞƏRH OLUNDU

11 Fevral 2026 14:14 (UTC+04:00)

“Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ vitse-prezidenti Ceyms D.Vens arasında keçirilən görüşlər özündə həm regional, həm də beynəlxalq səviyyədə əhəmiyyətli mesajları ehtiva edir. Görüşlərin əsas mesajlarından biri Azərbaycan-ABŞ münasibətlərinin son dövrlərdə əhəmiyyətli irəliləyiş göstərməsidir”.

Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev və vitse-prezident Vens ikitərəfli əlaqələrin gücləndiyini vurğulayaraq, xüsusilə regional sabitliyin və sülh prosesinin dəstəklənməsinin vacibliyini qeyd etdilər:

“ABŞ tərəfi Azərbaycanın sülh təşəbbüslərinə dəstəyini açıq şəkildə ifadə edib ki, bu da sülh prosesinin sürətlənməsi üçün əlavə imkanlar yaradır. Regional geosiyasi kontekstdə bu görüşlər xüsusilə vacibdir. Cənubi Qafqaz enerji və nəqliyyat baxımından strateji əhəmiyyətə malikdir və ABŞ burada sabitliyin qorunmasına, eləcə də iqtisadi əlaqələrin genişlənməsinə maraq göstərir. Bu görüşlər, həmçinin Rusiya və İranın təsirinə balans yaratmaq baxımından da əhəmiyyət kəsb edir.

Görüşlər çərçivəsində Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması isə ikitərəfli əməkdaşlığı daha formal və uzunmüddətli əsaslara bağlayacaq. Əldə olunan razılaşma iki ölkə arasında əməkdaşlığın siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələrində genişləndirilməsinə yönəlib. Strateji Tərəfdaşlıq Xartiyası hər iki ölkə üçün qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsinin qanuni-siyasi bazasını yaradaraq, əlaqələrin dərinləşməsinə şərait yaradır. Enerji, nəqliyyat və iqtisadi layihələr üzrə əməkdaşlıq imkanları genişlənəcək, ABŞ şirkətlərinin regiona marağı artacaq və Azərbaycan üçün texnologiya transferi, eləcə də investisiya axını təmin olunacaq. Beləliklə, diplomatik dialoq həm praktiki nəticələr, həm də uzunmüddətli perspektiv üçün zəmin yaradır.

Ümumiyyətlə isə ABŞ vitse-prezidentinin səfəri və keçirilən yüksək səviyyəli görüşlər bir neçə mühüm nəticəyə gəlməyə imkan verir. Birincisi, bu onu göstərir ki, ABŞ–Azərbaycan münasibətləri aktiv diplomatik dialoq və strateji əməkdaşlıq yolundadır. Bu, region üçün sabitlik və iqtisadi inteqrasiyanın möhkəmlənməsi baxımından müsbət siqnaldır. İkincisi, Azərbaycan beynəlxalq arenada siyasi çəkisini artırır və regional riskləri daha effektiv idarə etmək imkanına malik olur. Uzunmüddətli perspektivdə isə bu əməkdaşlıq enerji, nəqliyyat və təhlükəsizlik sahələrində bir sıra yeni layihələrin reallaşmasına imkan verir.

Prezident İlham Əliyev və vitse-prezident Vens arasında keçirilən görüşlər yalnız diplomatik təmas deyil, həm də regional sabitlik, iqtisadi inkişaf və strateji əməkdaşlıq üçün mühüm addım kimi qiymətləndirilə bilər.