Avropa İttifaqı uşaqların onlayn təhlükəsizliyini gücləndirmək məqsədilə sosial şəbəkələr üçün vahid yaş həddi müəyyən olunması imkanını müzakirə etməyə hazırlaşır.
SİA xəbər verir ki, Avropa Komissiyasının bu həftə təqdim etdiyi kiberzorakılığa qarşı yeni fəaliyyət planına əsasən, uşaq müdafiəsi üzrə mütəxəssislərdən ibarət xüsusi panel yaradılacaq və yay aylarınadək ümumavropa səviyyəsində yanaşma barədə tövsiyələr hazırlayacaq.
Sözügedən təşəbbüs Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen tərəfindən ötən ilin payızında elan edilsə də, panelin işə başlaması 2026-cı ilin əvvəlinə planlaşdırılır.
Sənəddə vurğulanır ki, bir sıra üzv ölkələr – o cümlədən İspaniya, Fransa və Danimarka – artıq milli səviyyədə məcburi yaş limitlərini nəzərdən keçirir. Brüsselin fikrincə, koordinasiyalı Avropa modeli bütün uşaqlar üçün bərabər qorunma təmin edə bilər.
Hazırda Aİ-nin böyük platformalar üçün tövsiyələri hüquqi baxımdan məcburi deyil, lakin artan milli təşəbbüslər bu mövzunun yenidən baxılmasını aktuallaşdırır.