Fevralın 14–15-də Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək Avropa Açıq Turnirində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.
Bu barədə SİA-ya Azərbaycan Cüdo Federasiyasından (ACF) məlumat verilib.
Yarışda ölkəni 5 çəki dərəcəsində 7 qadın cüdoçu təmsil edəcək. Şəfəq Həmidova (48 kq), Aydan Vəliyeva, Leyla Əliyeva, Könül Əliyeva (hamısı 52 kq), Fidan Əlizadə (57 kq), Südabə Ağayeva (70 kq) və Madina Kaisinova tatamiyə çıxacaq.
İdmançılara qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək. ACF-nin hakimlər heyətinin üzvləri – A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev və B kateqoriyalı beynəlxalq dərəcəli hakim Məhəmmədəli Quluzadə isə ədalət təmsilçiləri arasında yer alacaqlar.
Beynəlxalq yarışda 44 ölkədən 509 idmançı (293 kişi, 216 qadın) qüvvəsini sınayacaq.