Bakının siması dəyişir, amma kimliyi itmir

11 Fevral 2026 13:48 (UTC+04:00)

Bakının köhnə binaları təkcə daş və betondan ibarət deyil. Onlar bu şəhərin yaddaşı, nəsillərin xatirəsi, keçmişin sükutla danışan şahidləridir. Hər çatlamış divar, hər solmuş fasad zamanın izini daşıyır. Bu gün həmin divarların yenidən nəfəs alması, şəhərin ruhunun qorunaraq bərpa olunması deməkdir.

Uzun illər yağışa, küləyə, günəşə sinə gərən binalar artıq yorulmuşdu. Onların səssiz köməksizliyi gözümüzdən qaçmırdı. İndi isə Bakıda start götürən genişmiqyaslı təmir işləri sadəcə tikinti prosesi deyil, şəhərə göstərilən diqqətin, insana verilən dəyərin ifadəsidir.

Təmir olunan hər bina, əslində, bir ailənin daha təhlükəsiz yaşayacağına ümiddir. Sökülmək təhlükəsi ilə üz-üzə qalan divarların möhkəmləndirilməsi insanların gələcəyə daha inamla baxmasına səbəb olur. Bu proses şəhər sakinlərinə rahatlıqla yanaşı, psixoloji güvən də qazandırır.

Bakının siması dəyişir, amma kimliyi itmir. Tarixi abidə olmayan, lakin tarixin içində yaşayan bu binalar yeni rəng, yeni forma alsa da, yaddaşını qoruyur. Bu, keçmişlə gələcəyin ahəngli görüşüdür, köhnəni dağıtmadan yenini qurmaq mədəniyyətidir.

Şəhərin yenilənməsi küçələrə də ruh verir. Daha səliqəli məhəllələr, təmiz fasadlar, işıqlı həyətlər Bakının gündəlik həyatına müsbət enerji qatır. İnsan yaşadığı mühitdən güc alır və bu dəyişiklik birbaşa insanların əhval-ruhiyyəsində hiss olunur.

Bu təmir işləri həm də şəhər estetikası üçün mühüm addımdır. Bakı yalnız paytaxt deyil, Azərbaycanın vitrinidir. Onun görünüşü ölkənin sabahı haqqında mesaj verir. Bərpa olunan binalar sabitliyin, inkişafın və planlı şəhərsalmanın göstəricisidir.

Köhnə divarlara yeni nəfəs vermək gələcəyə qoyulan imzadır. Bu imza, şəhərin unudulmadığını, insanın diqqət mərkəzində olduğunu göstərir. Bakı dəyişir, yenilənir, amma yenə də Bakı olaraq qalır ,öz ruhu, öz səsi, öz yaddaşı ilə.