“Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan dövlət rəhbərlərinin iştirakı ilə keçirilən görüş və həmin görüş çərçivəsində üçtərəfli anlaşmanın imzalanması, 907-ci maddənin dondurulması, eləcə də TRİPP layihəsinin irəli sürülməsi Azərbaycan–ABŞ münasibətlərində yeni və strateji əhəmiyyətli bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”.
Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
Onun sözlərinə görə, bu dövr ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ABŞ ilə münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atmışdır:
”Bu siyasət öz real nəticəsini iki ölkə arasında qarşılıqlı etimadın möhkəmlənməsində və siyasi dialoqun intensivləşməsində tapmışdır. ABŞ Prezidenti Donald Trampın Azərbaycan dövlət başçısına açıq şəkildə hörmət və ehtiram nümayiş etdirməsi, onu dost adlandırması, həmçinin ABŞ-ın Azərbaycanla əməkdaşlığın davam etdirilməsi istiqamətində zəruri tədbirlər görəcəyini bəyan etməsi bu münasibətlərin yüksək səviyyədə olduğunu göstərir.
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana rəsmi səfəri də məhz bu qarşılıqlı əməkdaşlığın genişlənməsinin məntiqi nəticəsi kimi dəyərləndirilir. Sözügedən səfər Azərbaycan–ABŞ münasibətlərində yeni və mühüm mərhələnin əsasını qoymuş, strateji əməkdaşlıq anlayışının praktik müstəvidə möhkəmlənməsinə xidmət etmişdir. Səfər çərçivəsində “Strateji əməkdaşlıq” adlı xartiyanın imzalanması iki ölkə arasında münasibətlərin uzunmüddətli və davamlı xarakter daşıyacağının göstəricisidir.
Ceyms Devid Vens səfəri zamanı əldə olunan nailiyyətlərə yüksək qiymət vermiş, Şəhidlər xiyabanını ziyarət edərək abidə önünə əklil qoymuşdur. Bu addım Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizə, eləcə də Azərbaycan xalqına göstərilən ehtiramın bariz nümunəsi kimi dəyərləndirilməlidir. Şəhidlərin xatirəsinin yad edilməsi dövlətlərarası münasibətlərdə humanitar və mənəvi dəyərlərə verilən önəmin göstəricisidir.
Aparılan işgüzar danışıqlar hər iki ölkənin gələcək inkişafına xidmət edən mühüm məsələləri əhatə etmişdir. Bu danışıqlarda ticarət, iqtisadiyyat, mədəniyyət və digər strateji sahələr xüsusi diqqət mərkəzində olmuş, xüsusilə TRİPP layihəsinin həyata keçirilməsi əsas gündəm mövzularından biri kimi çıxış etmişdir. Prezident İlham Əliyevin və ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin mətbuata verdikləri bəyanatlar bu məsələlərin prioritet xarakter daşıdığını aydın şəkildə ortaya qoyur.
TRİPP layihəsinin reallaşdırılması yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə region və qonşu ərazilər üçün mühüm iqtisadi və nəqliyyat imkanları yaradacaqdır. Asiya ilə Avropa arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi regional və beynəlxalq əməkdaşlığın güclənməsinə şərait yaradacaq, bir sıra ölkələrin bu layihədən faydalanmasına imkan verəcəkdir. Məhz buna görə də cənab Prezident vurğulamışdır ki, TRİPP layihəsi sülhə, inkişafa və əməkdaşlığa xidmət edən mühüm təşəbbüsdür və regiona növbəti töhfə olacaqdır.
Vaşinqtonda keçirilən görüş bir daha göstərdi ki, Azərbaycan qalib dövlət olmaqla yanaşı, beynəlxalq hüquq normalarına, sülh və əməkdaşlıq prinsiplərinə daim sadiqdir. Ermənistan–Azərbaycan münasibətlərinin son aylarda müşahidə olunan müsbət dinamika əsasında inkişaf etməsi də bu mövqenin praktik təzahürüdür. TRİPP layihəsi məhz sülh, inkişaf və qarşılıqlı əməkdaşlıq platforması kimi qiymətləndirilməlidir.
Prezident İlham Əliyev bütün çıxışlarında dəfələrlə qeyd etmişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsə də, sülhə, əmin-amanlığa və regional sabitliyə xüsusi önəm verir. Əldə olunan uğurlar da məhz bu strateji məqsədlərə xidmət edir. ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri regionda təhlükəsizliyin daha da möhkəmləndirilməsinə yönəlmiş mühüm siyasi hadisə kimi dəyərləndirilir.
Bu gün Azərbaycanın dünyada sülhün və sabitliyin təmin olunması istiqamətində apardığı siyasətin ABŞ kimi nüfuzlu dövlət tərəfindən yüksək qiymətləndirilməsi ölkəmizin beynəlxalq mövqelərinin güclənməsinə xidmət edir. Böyük dövlətlərlə, xüsusilə ABŞ ilə münasibətlərin inkişaf etdirilməsi beynəlxalq aləmdə söz sahibi olmaq, dayanıqlı sülhü təmin etmək və iqtisadi əməkdaşlığı genişləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. ABŞ–Azərbaycan münasibətlərinin daha da möhkəmləndirilməsi suverenliyin tam təmin olunmasına və ölkənin uzunmüddətli inkişafına etibarlı zəmanət yaradır. Bu məqam hər iki tərəfin verdiyi rəsmi bəyanatlarda öz aydın ifadəsini tapmışdır”.