"Bu səfər Azərbaycan üçün tarixi hadisədir" - ŞƏRH EDİLDİ

11 Fevral 2026 13:08 (UTC+04:00)

"Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey.Di.Vensin Azərbaycana gəlməsi və səfər çərçivəsində Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması çox ciddi və tarixi bir hadisədir. Bu, yalnız Cənubi Qafqazda deyil, həm də Avrasiyada çox ciddi təsir yaradacaq".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, cünki bu məsələ artıq göstərir ki, Azərbaycan Cənubi Qafqazda supergüc statusuna malikdir: "Bu cür əməkdaşlıq müqaviləsinin bağlanılması bir tərəfdən Azərbaycan üçün təhlükəsizlik amilini daha sağlam təməllər üzərinə otuzdurur, digər tərəfdən isə Amerika Birləşmiş Ştatlarının bu regionda indiyə qədər Avrasiyada maraqlarını təmin etməsinə kömək edir. Daha bir mühüm məqam odur ki, hər iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. İmzalanan sənədlərə baxdıqda görürük ki, orada diplomatiya, siyasət, iqtisadiyyat, hərbi-təhlükəsizlik və süni intellekt sahələrində müqavilələr öz əksini tapmışdır. Bu, o deməkdir ki, imzalanan müqavilə çoxtərəfli əməkdaşlıq xarakteri daşıyır və həyatın bütün sahələrini, yaşadığımız dünyanın bütün reallığını əhatə edir. Bu baxımdan, Cey.Di.Vensin Azərbaycana səfəri, ümumiyyətlə, Cənubi Qafqaza səfəri və imzalanan müqavilələr Azərbaycan və Ermənistan arasında sülh prosesini daha da sürətləndirəcək. Yaxın gələcəkdə sülh sahəsində daha ciddi və məqsədyönlü addımlar atılacaq ki, bu da Ermənistanda “biz artıq ABŞ-nin dəstəyi ilə bu işi görə bilərik” düşüncəsini formalaşdıracaq.

Beləliklə, ABŞ Vitse-prezidentinin Azərbaycana və Ermənistana səfəri bu məsələlərlə yadda qalır və xüsusilə Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycan və ABŞ arasında tarixi hadisə kimi qiymətləndirilə bilər".