Cəlilabad və Biləsuvarda qarın fəsadları aradan qaldırılır

11 Fevral 2026 13:03 (UTC+04:00)

Dünən axşam saatlarından başlayan intensiv qar Cəlilabad və Biləsuvar rayonlarında gündəlik həyatda bir sıra çətinliklərə səbəb olub.

SİA-nın bölgə müxbiri xəbər verir ki, Cəlilabad–Yardımlı avtomobil yolunun dağlıq ərazilərində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb, bəzi hissələrdə yol tam bağlanıb. Eyni zamanda, Cəlilabadın ucqar dağ kəndlərində elektrik enerjisinin ötürülməsində problemlər yaranıb.

Biləsuvar rayonunda da güclü qar yağışı nəqliyyatın hərəkətini çətinləşdirib, bir sıra yaşayış məntəqələrində isə elektrik enerjisinin verilməsində fasilələr qeydə alınıb.

Hazırda hər iki rayonda aidiyyəti dövlət qurumları tərəfindən yaranmış fəsadların aradan qaldırılması, yolların açılması və enerji təchizatının bərpası istiqamətində operativ tədbirlər həyata keçirilir.

Bölgədə qarlı hava şəraiti davam edir.