İslam İnqilabının qələbəsinin növbəti ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib - FOTOLAR

11 Fevral 2026 12:23 (UTC+04:00)

İranın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı – İslam İnqilabının qələbəsinin növbəti ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

SİA xəbər verir ki, “Fairmont Baku" Otelində keçirilən tədbirdə Baş nazirin müavini Şahin Mustafayev, Milli Məclisin deputatları və müxtəlif ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşları iştirak edirlər.

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət himni daha sonra İran İslam Respublikasının himni səsləndirilib.

Daha sonra tədbirdə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Müctəba Dəmirçilun İran İslam Respublikasının Milli Günü münasibətilə təşkil olunmuş bu mərasimdə dəyərli qonaqları salamlamaqdan böyük şərəf və qürur hissi duyduğunu vurğulayıb: “47 il əvvəl, 1979-cu il fevralın 11-də İmam Xomeyninin (r.ə) rəhbərliyi ilə İran xalqının inqilabı parlaq qələbə qazandı. İki ay sonra keçirilmiş ümumxalq referendumu nəticəsində İslam dininin ali dəyərlərinə əsaslanan demokratik idarəetmə modeli — “İslam Respublikası” irsi və avtoritar monarxiya rejimini əvəz etdi. Bununla da İran dövləti minilliklərə söykənən zəngin tarixində yeni bir inkişaf mərhələsinə qədəm qoydu.
İran İslam Respublikası qurulduğu ilk gündən öz siyasi xəttini müstəqillik, azadlıq, ədalət və hegemonluğun rədd edilməsi prinsipləri üzərində bərqərar etmişdir. Bu yol boyunca ölkə müxtəlif çətinliklər və sınaqlarla, o cümlədən siyasi təzyiqlər, hərbi təhdidlər, eləcə də qida və dərman vasitələrini belə əhatə edən hərtərəfli iqtisadi sanksiyalarla üzləşmişdir.
2025-ci ilin iyun ayında baş vermiş on iki günlük müharibə zamanı sionist rejimin və ABŞ-ın hərbi təcavüzü, habelə son həftələrdə bu prosesin yeni formalarda davam etdirilməsi qeyd olunan maneələrin bariz nümunəsidir. Qanuni və dinc etirazların məqsədli şəkildə iğtişaşlara və terror aktlarına yönəldilməsi, silahsız polis əməkdaşlarına və mülki şəxslərə qarşı hücumların təşkili, eləcə də son günlərdə müşahidə edilən hərbi müdaxilə üçün bəhanə yaradılması üzərində qurulan “hibrid müharibə” təkcə İranı deyil, bütövlükdə regionun sülh və təhlükəsizliyini təhdid edir. Şübhəsiz ki, İran İslam Respublikası xalqın dəstəyinə arxalanaraq bu təhdidlərin qarşısını alacaq və mövcud şəraitdən də uğurla çıxacaqdır”.
Baş nazirin müavini Şahin Mustafayev çıxışını zamanı bildirib ki, bu əlaqələrin formalaşmasında və dinamik inkişafında hər iki ölkə prezidentinin nümayiş etdirdiyi siyasi iradə həlledici rol oynayır. Son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlər, dövlət başçıları arasında aparılan mütəmadi və səmərəli dialoq ikitərəfli münasibətlərin dərinləşməsinə, əməkdaşlıq gündəliyinin genişlənməsinə mühüm təkan vermişdir. Bu baxımdan ötən ilin aprel ayında İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri xüsusi əhəmiyyət kəsb edir. Sözügedən səfər ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoymuş, səfər çərçivəsində imzalanan sənədlər və əldə olunmuş razılaşmalar əməkdaşlığımızı daha da möhkəmləndirmişdir. Bu razılaşmalar qarşılıqlı maraq doğuran sahələrdə praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli imkanlar yaratmışdır. Azərbaycan və İran beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində də sıx əməkdaşlıq edirlər. Bu kontekstdə ötən ilin iyul ayında İran Prezidentinin İƏT-in Frankeni şəhərində keçirilmiş VII İqtisadi Zirvə Görüşündə iştirakı və tədbir çərçivəsində Azərbaycan Prezidenti ilə keçirdiyi görüş mühüm əhəmiyyət daşıyır. Həmin görüş zamanı həm ikitərəfli Azərbaycan–İran münasibətləri, həm də İƏT çərçivəsində iqtisadi əməkdaşlıq məsələləri ətraflı müzakirə edilmişdir”.
Rəsmi çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.