Aeroport yolunda məhdudiyyət tətbiq olunacaq

11 Fevral 2026 12:04 (UTC+04:00)

Bakının Suraxanı rayonunda, Aeroport şosesində ("Buta Palace" yaxınlığı) fevralın 14-15-də elektron məlumat-sürət tablolarının sökülərək yenisinin quraşdırılması ilə əlaqədar məhdudiyyət tətbiq olunacaq.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, fevralın 14-ü saat 00:00-dan 07:00-dək Hava limanı yolundan (Hava limanı körpüsündən) "Koroğlu" metrostansiyası istiqamətində, fevralın 15-də isə həmin saatlarda "Koroğlu" metrostansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Alternativ yol kimi, Mərdəkan şosesindən gələnlər Zığ şosesinə, şəhər istiqamətindən gələnlər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndiriləcək. Eyni zamanda sürücülər şəhərdən Hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər.

Yol polisi məhdudiyyətin tətbiq olunduğu müddətdə avtomobillərin alternativ yollarda rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün zəruri tədbirlər görəcək.