Fevralın 10-da ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 163, o cümlədən borclu şəxs qismində axtarışda olan 131, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 və dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 42 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 62 kiloqrama yaxın narkotik vasitə və 3902 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 10 tüfəng, 2 patron darağı və 221 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər də saxlanılıb.