Azərbaycanın səhiyyə naziri Teymur Musayev ABŞ Ticarət Palatasının üzvləri ilə görüşüb.
Bu barədə SİA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycanla ABŞ arasında səhiyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər səhiyyə sisteminin modernləşdirilməsi, innovativ tibbi texnologiyaların tətbiqi, əczaçılıq sənayesində və tibb təhsili istiqamətində əməkdaşlıq mövzularına toxunublar.
Eyni zamanda dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən islahatlar, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, səhiyyə sahəsinə insan kapitalının gücləndirilməsi və rəqəmsallaşdırma istiqamətində görülən işlər barədə məlumat verilib.
T.Musayev beynəlxalq tərəfdaşlar, o cümlədən ABŞ şirkətləri ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə həmçinin ABŞ Ticarət Palatasının Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cenifer Mil Azərbaycanla əməkdaşlığa maraqlı olduğunu söyləyib, səhiyyə və əczaçılıq sahələrində amerikalı şirkətlərin təcrübə və texnologiyalarının paylaşılmasının mümkünlüyünü qeyd edib.