"Amerika Birləşmiş Ştatları ilə Azərbaycan-İsrail münasibətləri mahiyyət etibarilə fərqli olsa da, hazırkı mərhələdə Azərbaycanın hər iki ölkə ilə dövlət səviyyəsində əlaqələri kifayət qədər yüksəkdir".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.

O bildirib ki, Azərbaycan-İsrail münasibətləri uzun illərdir sabit və ardıcıl inkişaf xətti üzrə formalaşıb və bu istiqamətdə hər hansı ciddi dalğalanma müşahidə olunmayıb: "Azərbaycan-ABŞ münasibətlərində isə müəyyən fərqli tendensiyalar özünü göstərir. Xüsusilə ABŞ-da hakimiyyətdə olan administrasiyaların və prezidentlərin yanaşmalarından asılı olaraq bu münasibətlər zaman-zaman dəyişikliklərə məruz qalıb. Hərçənd ki, münasibətlər strateji tərəfdaşlıq çərçivəsində qurulub, bəzi dövrlərdə insan haqları, demokratiya və oxşar mövzular adı altında Azərbaycana təzyiqlər göstərilib. Reallıqda isə bu yanaşmaların fonunda Ermənistanın və erməni separatizminin açıq və ya dolayı şəkildə dəstəklənməsi halları daha çox ön plana çıxıb.
Münasibətlərin normallaşması və yeni mərhələyə keçidində isə şübhəsiz ki, yəhudi iş adamlarının və yəhudi lobisinin mühüm rolu var. Bu baxımdan Amerika yəhudi təşkilatlarının aparıcı nümayəndələrinin Azərbaycana son səfəri xüsusi diqqət çəkir. Onların həm dövlət başçısı, həm də Xarici İşlər Nazirliyi səviyyəsində yüksək səviyyədə qəbul olunması və bu görüşlər çərçivəsində Azərbaycan-ABŞ və Azərbaycan-İsrail münasibətlərinin müzakirə olunması göstərir ki, Amerika yəhudi ictimai-siyasi təşkilatları hər iki ölkə ilə Azərbaycanın münasibətlərinin bundan sonra daha da inkişafında maraqlıdırlar.
Xüsusilə mədəni, iqtisadi, siyasi, texnoloji və müdafiə sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsi bu maraqların əsas istiqamətlərini təşkil edir. Bu təşkilatların sözügedən münasibətlərin dərinləşməsinə real töhfələr vermək potensialı da kifayət qədər yüksəkdir.
Məhz bu səbəbdən hesab edirəm ki, Azərbaycan tərəfinin, xüsusilə də Xarici İşlər Nazirliyinin dövlətlərarası münasibətləri bu kimi nüfuzlu təşkilatlarla müzakirə etməsi məqsədəuyğundur. Bu platformalar vasitəsilə Azərbaycanın maraqlarının açıq şəkildə ifadə edilməsi və strateji məsələlərin müzakirə masasına çıxarılması gələcək əməkdaşlıq baxımından olduqca önəmlidir".