"Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında formalaşan və getdikcə inkişaf edən münasibətlər bizi sevindirməyə bilməz".
Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
_(2)_(1).jpg)
Siyasi şərhçi sözlərinə belə davam edib: "Azərbaycan ümumilikdə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasının tərəfdarıdır.
Əvvəlki administrasiya dövründə ABŞ ilə münasibətlərimizdə müəyyən problemlər yaşanırdı. Təbii ki, bu problemlər Azərbaycandan deyil, daha çox ABŞ-ı idarə edən siyasi dairələrin yanaşmalarından qaynaqlanırdı. Lakin Donald Trampın rəhbərliyi dövründə ABŞ-ın Azərbaycana münasibətində açıq şəkildə müsbət dəyişikliklər müşahidə olunmağa başladı və Azərbaycan tərəfi də bu yanaşmadan məmnundur.
Bu gün ABŞ-dan ticarət nümayəndələrinin Azərbaycana səfəri, cənab Prezidentlə geniş tərkibdə görüşlərin keçirilməsi, eyni zamanda yəhudi icmasının nümayəndələrinin ölkəmizə gələrək dövlət başçısı ilə görüşməsi, eləcə də ABŞ-ın vitse-prezidentinin Azərbaycana səfəri və aparılacaq danışıqlar olduqca sevindirici və əhəmiyyətli inkişaflardır. Bütün bu proseslər Azərbaycanın beynəlxalq platformalarda və qlobal miqyasda mövqelərinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şübhəsiz ki, Amerika biznesi Azərbaycan üçün xüsusi maraq kəsb edir. Dünyada böyük nüfuza malik Amerika şirkətlərinin və biznes strukturlarının Azərbaycana marağının artması ölkəmizin iqtisadi inkişafı üçün ciddi töhfə verə bilər.
Bu baxımdan cənab Prezident tərəfindən keçirilən qəbul yüksək qiymətləndirilməli və Azərbaycan üçün sevindirici bir hadisə kimi xüsusi vurğulanmalıdır".