"Maddi imkanlar təhsil seçimlərini müəyyən edir" - EKSPERT DANIŞDI

10 Fevral 2026 14:24 (UTC+04:00)

"Azərbaycanda təhsil əsasən ödənişsizdir. Bununla yanaşı, ödənişli təhsil alanlar da var və bu halda seçim imkanları onların maddi vəziyyətindən asılı olur".

Bunu SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Onun sözlərinə görə, bu şəxslər özəl təhsil müəssisələrini və ya xaricdə təhsili seçə bilirlər. Bu, tamamilə onların şəxsi imkanları ilə bağlı məsələdir: "Ancaq söhbət dövlət hesabına, yəni ödənişsiz təhsil alan şagirdlərin repetitor yanına getməsindən gedirsə, burada vəziyyət bir qədər fərqlidir. Bu məsələ həm valideynlərin, həm də repetitorların müəyyən etdiyi şərtlərlə bağlıdır. Hər repetitorun öz qiymət siyasəti mövcuddur.

Məsələn, bölgələrdə və ucqar rayonlarda repetitor xidmətlərinin aylıq qiyməti təxminən 50 manatdan başlayır. Lakin mərkəzi ərazilərdə, xüsusilə Bakı şəhərində bu məbləğ bəzi hallarda hər fənn üzrə 150 manata, hətta daha yüksək rəqəmlərə qədər çata bilir.

Bu artıq şəxsi seçim və maddi imkan məsələsidir. Valideyn övladına daha yaxşı təhsil vermək istəyirsə və dövlət məktəblərində verilən təhsili kifayət qədər hesab etmirsə, repetitor xidmətinə müraciət edir. Amma bu imkan hər kəs üçün eyni səviyyədə mövcud deyil və birbaşa ailənin maliyyə vəziyyətindən asılıdır. Bu baxımdan müəyyən qədər ədalətsizlik yaranır. Çünki elə şagirdlər var ki, daha istedadlıdırlar, lakin valideynlərinin maddi imkanları zəif olduğuna görə əlavə hazırlıq imkanlarından yararlana bilmirlər. Bu isə artıq təkcə həmin şagirdin deyil, bütövlükdə cəmiyyətin problemidir.

Nəticədə bərabər imkanlar prinsipi pozulur və bəzi uşaqlar daha keyfiyyətli təhsil almaqdan məhrum olurlar. Bu səbəbdən repetitorluq sistemi müəyyən hallarda sosial ədalətsizliyi dərinləşdirən amil kimi qiymətləndirilə bilər".