Paytaxtda piyada məkanları genişləndirilir - FOTOLAR

10 Fevral 2026 11:46 (UTC+04:00)

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Bakı şəhərində piyada zonalarının yaradılması və genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir.

SİA xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, icra olunan layihələrdən biri paytaxt sakinləri və şəhərə gələn qonaqların sıx istifadə etdiyi ərazilərdən sayılan İslam Səfərli küçəsini əhatə edir. Küçənin piyada yönümlü formata keçirilməsi məqsədilə hazırda ərazidə intensiv işlər aparılır.
Layihə çərçivəsində küçə boyu mövcud kommunikasiya xətləri tam yenilənib. İslam Səfərli küçəsində abadlıq-quruculuq işləri davam etdirilir, piyada zonası yaradılır, küçənin əksər hissəsində beton örtüyü salınıb, yaşıllıq üçün xüsusi sahələr ayrılıb, işıq dirəklərinin quraşdırılmasına başlanılıb.
Küçənin böyük hissəsində daş döşəmələrin salınması işləri artıq yekunlaşıb. Ayrı-ayrı hissələrdə skamyalar quraşdırılıb, ümumi görünüş mərhələli şəkildə müasir piyada məkanına uyğunlaşdırılır. Görülən işlər 1 kilometrdən artıq ərazini əhatə edir.
Qeyd edək ki, layihənin əsas məqsədi şəhər estetikasının yaxşılaşdırılması ilə yanaşı, piyadalar üçün daha rahat, təhlükəsiz və funksional mühitin formalaşdırılmasıdır.