"Sənəd problemi qazsız evlər yaradır" - RAZİ NURULLAYEV

10 Fevral 2026 11:22 (UTC+04:00)

"Yaşayış evi rəsmi mülkiyyət sənədləri ilə rəsmiləşdirilməyən vətəndaşların da qazla təmin olunmasına hüquqi imkan yaradılmalıdır. Bu problem artıq texniki məsələ olmaqdan çıxıb və sosial-humanitar böhran xarakteri alıb".

SİA-nın verdiyi məlumata görə bu sözləri Milli Məclisin plenar iclası zamanı çıxışı zamanı millət vəkili Razi Nurullayev deyib.

Onun sözlərinə görə, bir çox kənd və qəsəbələrdə qaz xətləri evlərin lap yaxınlığından keçsə də, sənədləşmə ilə bağlı çətinliklər səbəbindən insanlar qış aylarında istiliksiz qalır: "Vətəndaşa “sənədin yoxdur, gözlə” demək reallıqdan uzaq yanaşmadır. Qaz borusu göz önündə olduğu halda evlərin soyuq qalması nə məntiqə, nə də sosial ədalət anlayışına sığır. Alternativ istilik mənbələrinin də faktiki olaraq əlçatmaz hala gətirildiyini qeyd edib. Odun tədarükünə qoyulan məhdudiyyətlər, ağac kəsilməsinə görə cinayət məsuliyyəti və kömürün baha olması əhalini çıxılmaz vəziyyətə salır. Əgər dövlət hansısa yanacaq növünü qadağan edirsə, mütləq alternativ çıxış yolu da təqdim etməlidir. Əks halda bu yanaşma islahat deyil, sadəcə laqeyd münasibət kimi dəyərləndirilə bilər".

Razi Nurullayev bildirib ki, onilliklər ərzində yaranmış sistemli problemlərin birdən-birə vətəndaşların üzərinə yüklənməsi nə realdır, nə də ədalətli: "Qaz çəkilişi zamanı icra hakimiyyətinin verdiyi arayış hüquqi əsas kimi tanınsın. Qazlaşdırılmamış ərazilərdə isə dövlət tərəfindən odun və kömür təminatı həyata keçirilsin və ya bu yanacaqların nəzarətli şəkildə tədarükünə icazə verilsin. İnsanları “ya donmaq, ya da qanunu pozmaq” dilemması ilə üz-üzə qoymaq nə dövlətçilik prinsipinə, nə də sosial ədalət anlayışına uyğundur".