Mükafata layiq görülmək böyük şərəfdir ŞƏRH

9 Fevral 2026 17:41 (UTC+04:00)

2026-cı il 4 fevral tarixində Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı müasir beynəlxalq münasibətlər sistemində sülh, dialoq və humanist dəyərlərin artan əhəmiyyətini ön plana çıxardı. Bu çıxış Azərbaycanın yalnız regional deyil, qlobal miqyasda məsuliyyətli siyasi aktor kimi çıxış etdiyini nümayiş etdirdi.

Prezident İlham Əliyev çıxışında Şeyx Zayed bin Sultan Al Nəhyanın adını daşıyan bu mükafatın insan qardaşlığı, tolerantlıq və mədəniyyətlərarası dialoq ideyalarını təcəssüm etdirdiyini vurğuladı. Dövlət başçısı bu mükafata layiq görülməsini Azərbaycanın multikulturalizmə və sülhə əsaslanan dövlət siyasətinə verilən beynəlxalq qiymət kimi dəyərləndirdi.

Çıxışda sülh anlayışı real və praktik siyasi məzmunla təqdim olundu. Prezident İlham Əliyev qeyd etdi ki, sülh yalnız bəyanatlarla deyil, ardıcıl siyasi iradə və konkret addımlarla təmin edilir. Bu baxımdan Azərbaycan və Ermənistan arasında uzun illər davam etmiş münaqişədən sonra formalaşmış sülh mühiti xüsusi vurğulandı. Dövlət başçısı artıq altı aydır ki, regionda sülh şəraitinin mövcud olduğunu bildirərək, bunu insan qardaşlığı prinsipinin praktik nəticəsi kimi xarakterizə etdi.Prezidentin fikrincə, insan qardaşlığı müasir beynəlxalq siyasətdə etimadın və sabitliyin əsas ideoloji dayaqlarından biridir. Bu anlayış yalnız mənəvi dəyər deyil, eyni zamanda dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmətin və təhlükəsizliyin təmin olunmasının vacib mexanizmidir. Dinindən və mənsubiyyətindən asılı olmayaraq xalqlar arasında anlayışın təşviqi qlobal sabitliyin əsas şərti kimi təqdim olundu.

Dövlət başçısı müasir dünyada artan geosiyasi qarşıdurmalar fonunda dialoqun alternativsiz olduğunu vurğuladı. Onun sözlərinə görə, güc amilinə əsaslanan siyasət davamlı nəticə vermir, yalnız beynəlxalq hüquqa və humanist dəyərlərə söykənən yanaşmalar uzunmüddətli sülh yarada bilər. Bu mövqe Azərbaycanın beynəlxalq münasibətlərdə tutduğu prinsipial xətti aydın şəkildə ifadə edir.

Prezident İlham Əliyevin Əbu-Dabidə səsləndirdiyi bu mesajlar Azərbaycanın sülh və dialoqa əsaslanan siyasi modelini qlobal ictimaiyyətə təqdim edir və mürəkkəb münaqişələrin həllində siyasi iradə ilə humanist dəyərlərin vəhdətinin mümkün olduğunu nümayiş etdirir. “Zayed İnsan Qardaşlığı Mükafatı” çərçivəsində səsləndirilən fikirlər beynəlxalq siyasət üçün əhəmiyyətli mesaj və alternativ sülh yanaşması kimi çıxış edir.

Lalə İskəndərova

YAP Qusar rayon təşkilatının məsləhətçisi