"Milan-Kortina 2026 Qış Olimpiya Oyunlarında Azərbaycan idmançılarının iştirakı ölkənin idman mənzərəsi üçün vacib mərhələdir. Olimpiya iştirakının ən əhəmiyyətli nəticələrindən biri onun gənclərə ilhamverici təsiridir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Könül Nurullayeva deyib.
Onun sözlərinə görə, Milan-Kortina 2026-da yarışan Azərbaycan idmançılarına uğurlar arzulayırıq: "İdmançılarımızın ölkəmizi Qış Olimpiya Oyunlarında layiqincə təmsil edəcəklərinə inanırıq. Bu cür təcrübələr gəncləri qış idman növlərinə həvəsləndirmək üçün çox vacibdir. Ümumiyyətlə, ölkəmizin Qış Olimpiya Oyunlarında iştirakı davamlı xarakter daşıyır. Məlum olduğu kimi, idmançılarımız 1998-ci ildən etibarən bütün Qış Olimpiadalarında fasiləsiz təmsil olunur. Ən yaxşı nəticə 2014-cü ildə keçirilən Olimpiadada buz üzərində rəqslər növündə 12-ci yer olub. Qış idman növləri üzrə daxili yarış təqviminin genişləndirilməsi, infrastruktura yatırımların təşviqi sistemli yanaşmadan xəbər verir. Onu da qeyd edim ki, 2026-cı ildə Şahdağda Avropa çempionatının və Dünya Kuboku mərhələsinin, 2027-ci ildə isə dünya çempionatının keçirilməsi yalnız iri yarışların təşkili deyil, eyni zamanda idmançıların hazırlanması üçün tamhüquqlu bazanın formalaşdırılmasına yönəlmiş uzunmüddətli strategiyanın tərkib hissəsidir. Son illər ərzində Azərbaycan qış idman infrastrukturuna real investisiyalar yatırıb. Şahdağ və Tufandağ beynəlxalq turnirlərə ev sahibliyi edə bilən mühüm təlim və yarış məkanlarına çevrilib. Bu yerlərdə beynəlxalq xizək yarışlarının və təlim düşərgələrinin təşkili yerli təcrübəni artırmaqla yanaşı, həm də Azərbaycanı qlobal qış idman təqviminə inteqrasiya edir.
Bu kontekstdə hesab edirəm ki, Milan-Kortina 2026-da növbəti uğurlu mərhələdir. Gələcəkdə idman növlərinin coğrafiyasının, nümayəndə heyətinin sayının və ölkənin qış Olimpiadalarındakı rəqabət qabiliyyətinin tədricən artacağını söyləmək olar.
Hedab edirəm ki, Milan-Kortina 2026 Qış Olimpiya Oyunlarında Azərbaycanın iştirakı beynəlxalq səviyyədə tanıtım, infrastrukturun inkişafı, gənclərə yönəlmiş proqramlar baxımından effektiv nəticələr verəcək".