Yaponiyada rekord seçki qələbəsi: tarixdə ilk

9 Fevral 2026 17:11 (UTC+04:00)

Yaponiyada rekord seçki qələbəsi: tarixdə ilk

SİA xarici KİV-ə istinadən məlumat verir ki, Yaponiyada keçirilən növbədənkənar ümumi seçkilərdə Baş nazir Takaici Sanaenin rəhbərlik etdiyi Liberal Demokrat Partiyası (LDP) tarixi fərqlə qalib gəlib. LDP Nümayəndələr Palatasındakı mandatlarının sayını 198-dən 316-ya yüksəldərək 465 yerlik parlamentdə üçdə iki çoxluq həddi hesab olunan 310 mandatı keçib və İkinci Dünya müharibəsindən sonrakı dövrdə bu nəticəni əldə edən ilk partiya olub.

Yaponiyada keçirilən növbədənkənar ümumi seçkilərin nəticələrinə əsasən, Baş nazir Takaici Sanaenin rəhbərlik etdiyi Liberal Demokrat Partiyası (LDP) müharibədən sonrakı tarixə düşəcək fərqlə seçkilərdə qalib gəlib. Dövlət televiziyası NHK-nın səsvermənin sayım nəticələrinə istinadən yaydığı məlumata görə, Takaicinin partiyası parlamentin aşağı palatası olan Nümayəndələr Palatasında 465 yerdən 316-nı qazanıb.

Beləliklə, LDP mandatlarının sayını 198-dən 316-ya çatdıraraq parlamentdə üçdə iki çoxluq üçün nəzərdə tutulan 310 yerlik həddi aşmış olub. Bu nəticə ilə LDP İkinci Dünya müharibəsindən sonrakı Yaponiyada bu uğura imza atan ilk siyasi partiya adını qazanıb.

İqtidar koalisiyasının tərəfdaşı olan Nippon İşin Partiyası (JIP) da mandat sayını 2 artıraraq 36-ya yüksəldib. 465 üzvdən ibarət Nümayəndələr Palatasında üçdə iki çoxluq həddinin aşılması konstitusiyanın dəyişdirilməsi və qanun layihələrinin qəbul olunması istiqamətində irəliləyişə imkan yarada bilər.

Bununla belə, LDP-nin hazırda parlamentin yuxarı palatası hesab olunan Müşavirlər Palatasında (Sangiin) çoxluğu yoxdur.

Müxalifətin tarixi məğlubiyyəti

Əsas müxalifət partiyası olan Konstitusiyalı Demokrat Partiyasının (CDP) rəhbərliyi ilə seçkiöncəsi yaradılmış Mərkəzçi İslahat Alyansı (CRA) mandatlarının sayını 172-dən 49-a endirərək ağır məğlubiyyətə uğrayıb. Müxalifət partiyalarının liderləri mandatların sayının kəskin azalmasından sonra istefa siqnalları veriblər.

LDP-nin qələbəsi açıqlandıqdan sonra çıxış edən Takaici Sanae bildirib: “Seçki zamanı verdiyimiz vədləri yerinə yetirmək baxımından son dərəcə böyük məsuliyyət daşıyırıq.”

Baş nazir kabinet tərkibində ciddi dəyişikliklər etmədən mövcud vəziyyəti qoruyacağını açıqlayıb. Eyni zamanda, Takaici konstitusiya dəyişikliyi ilə bağlı konkret planların parlamentdə müzakirə olunacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, Yaponiyada seçicilər milli parlamentin aşağı palatası olan Nümayəndələr Palatasına (Şuugin) deputatları seçmək üçün səsvermədə iştirak ediblər. Parlamentə düşmək üçün ölkə üzrə ümumilikdə 1285 namizəd mübarizə aparıb.