“Xalqım üçün çalışmışam, bundan sonra daha çox çalışacağam” - Aybəniz Haşımova

9 Fevral 2026 16:54 (UTC+04:00)

Xalq artisti Aybəniz Haşımova A.M. Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Bununla bağlı müvafiq əmr 6 fevral tarixində imzalanıb.

Uzun illərdir Azərbaycan musiqi mədəniyyətinə özünəməxsus səsi, sənətə bağlılığı və yüksək peşəkarlığı ilə dəyər qatan Aybəniz Haşımova milli dəyərlərə söykənən, eyni zamanda müasir düşüncə ilə yoğrulan zəngin yaradıcılıq yolu ilə seçilir. Onun mədəniyyət sahəsindəki fəaliyyəti və sənətə verdiyi töhfələr bu təyinatın təsadüfi olmadığını göstərir.

SİA təyinatla bağlı xalq artisti Aybəniz Haşımovanın fikirlərini öyrənib.

Aybəniz Haşımova yeni vəzifəsi ilə bağlı bunları deyib:
“Bugünə qədər çalışmışam ki, üzünüzü hər zaman ağ edim. Heç vaxt məndən utanmayasınız. Həmişə buna səy göstərmişəm - təkcə bir ifaçı kimi yox, ümumilikdə bir Azərbaycan qadını kimi.

Bundan sonra isə məsuliyyətim daha da artır. Çünki belə bir dahi insanın adını daşıyan bir mərkəzin rəhbəri olmaq ömrümə çox böyük bir məsuliyyət gətirir. Mən də əlimdən gələni edəcəyəm ki, bu etimada layiq olum, verilən sərəncama görə nə nazirimiz, nə də xalqımız peşman olmasın.

Bu günə qədər gördüyüm bütün işlər xalqım üçün olub, onun adı və naminə görülüb. İndən sonra isə bu yolda beş qat artıq çalışacağam ki, üzərimə düşən məsuliyyəti layiqincə doğrulda bilim".

Qeyd edək ki, Aybəniz Haşımovanın A.M. Şərifzadə adına Mədəniyyət Mərkəzinə direktor təyin olunması mədəniyyət ictimaiyyəti tərəfindən müsbət qarşılanıb.