Tramp müavinini Bakıya göndərdi – bölgədə nələr dəyişəcək?

9 Fevral 2026 16:13 (UTC+04:00)

Mətləb Salahov: “Ceyms Vensin səfəri İrəvandan başlasa da, son nöqtə Bakıda qoyulacaq”

“ABŞ Vitse –prezidenti Ceyms Vensin Qafqaza başlayan səfəri bölgənin köklü dəyişikliklər astanasında olmasına işarədir. Nəzərə alsaq ki, artıq TRIPP layihəsinin reallaşması an məsələsidir, üstəgəl Donald Tramp Administrasiyasının birbaşa iştirakı və dəstəyi ilə Azərbaycan və Ermənistan arasında 30 ildən sonra sürətlə reallaşan inteqrasiya prosesi baş tutub, onda bu səfərin bölgədəki ölkələr arasında infrastruktur layihələr üçün açar xarakteri daşıdğı qaçılmazdır. Mən deyərdim ki, ABŞ Vitse -prezidentinin Qafqaza səfəri Moskva və Tehranın da “yuxusuna haram qatıb”. Çünki bölgənin hər iki güclü dövləti Vaşinqtonun “Qafqaz planı”nın nə ilə nəticələnəcəyini həm qorxu, həm də maraqla izləyirlər.”

Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, Donald Tramp öz müavinini bölgəyə göndərməklə həm də Cənubi Qafqazda rəsmi Vaşinqtonun mövqelərini gücləndirmək, hətta əsrlərdir Rusiyanın maraq və təsir dairəsində olan Cənubi Qafqazın artıq ABŞ-ın himayəsi altına girməsi üçün sürətlə işlər görməyi hədəfləyir. “Əlbəttə, İrəvanda Nikol Paşinyan hakimiyyətinə güclü dəstək olmaq, parlament seçkiləri ərəfəsində D.Trampın “əla oğlan” dediyi hazırkı baş nazirin mövqelərini gücləndirmək və onu Rusiyanın zərbələrindən qorumaq üçün Amerikanın ikinci şəxsinin öncə İrəvana getməsi başadüşüləndir. Lakin bu səfər zamanı Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün son dəqiqləşdirmələrin aparılması da gözləniləndir. Anlaşılan odur ki, son nəticə Bakıda müzakirə olunacaq”.

Afət Tahirqızı