"Cənubi Qafqazda uzunmüddətli sabitliyin formalaşması üçün zəmin yaranır" - ŞƏRH EDİLDİ

9 Fevral 2026 15:16 (UTC+04:00)

"Qərbi Azərbaycan İcmasının son açıqlaması əslində normallaşma prosesinə qarşı aparılan koordinasiyalı informasiya və siyasi təzyiqlərə verilən prinsipial cavab kimi oxunmalıdır".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

Onun sözlərinə görə, icma haqlı olaraq vurğulayır ki, Ermənistan daxilində müəyyən siyasi dairələr, eləcə də bəzi xarici platformalarda çıxış edən aktorlar tərəfindən dövri olaraq səsləndirilən təxribatçı bəyanatlar sülh gündəliyini zəiflətməyə, cəmiyyətlər arasında etimadsızlığı dərinləşdirməyə və qarşıdurma ritorikasını diri saxlamağa xidmət edir:

"Bu cür yanaşmalar nə mövcud regional reallıqlarla, nə də beynəlxalq hüququn postmünaqişə dövrünə dair qəbul etdiyi əsas prinsiplərlə uzlaşır. Əksinə, onlar faktiki olaraq barışıq perspektivlərini məqsədli şəkildə sabotaj etməyə, normallaşma prosesini dalana dirəməyə yönəlmiş destruktiv cəhdlərdir.

Qərbi Azərbaycan İcması bu kontekstdə diqqəti xüsusilə informasiya manipulyasiyalarına və tarixi faktların təhrifinə çəkir. Revanşist düşüncə tərzindən qaynaqlanan bu cəhdlər regionda yeni reallıqları qəbul etmək istəməyən qüvvələrin sülh prosesinə müqavimətinin açıq təzahürüdür. Halbuki, uzunmüddətli sabitlik yalnız keçmiş münaqişə mərhələsinin ritorikasından imtina etməklə, qarşılıqlı hörmət və hüquqa əsaslanan dialoqu təşviq etməklə mümkündür. İcmanın bu cür təxribatçı çağırışları qətiyyətlə pisləməsi, əslində, regional təhlükəsizliyin və sülh gündəliyinin qorunmasına xidmət edən məsuliyyətli mövqedir.

Digər tərəfdən, Qərbi Azərbaycan İcmasının mövqeyi normallaşma prosesinə alternativ yaratmaq məqsədi daşımır. Əksinə, bu mövqe sülh prosesinin tez-tez kənarda qalan, lakin həlledici əhəmiyyət daşıyan humanitar ölçüsünü ön plana çıxarır. İcma haqlı olaraq xatırladır ki, sülh yalnız siyasi bəyanatlar, diplomatik sənədlər və ya texniki razılaşmalarla məhdudlaşa bilməz. Dayanıqlı və real sülh hüquqların tanınması, tarixi ədalətin bərpası, məcburi köçkün düşmüş insanların təhlükəsiz, ləyaqətli və könüllü qayıdışının təmin edilməsi kimi fundamental məsələlərin həlli ilə möhkəmlənməlidir.

Bu baxımdan, Qərbi Azərbaycan məsələsinin gündəmdə saxlanılması sülh prosesinə maneə deyil, əksinə, onun daha sağlam və inklüziv əsaslar üzərində qurulmasına töhfə verən mühüm amildir. İcmanın mesajı aydındır və prinsipialdır: revanşizmə, nifrət ritorikasına və siyasi manipulyasiyalara yer yoxdur. Region üçün yeganə rasional çıxış yolu dialoqa açıq olmaq, beynəlxalq hüquqa hörmət etmək və humanitar məsələləri siyasi alver predmetinə çevirmədən, ədalətli həll yolları axtarmaqdır. Məhz bu yanaşma Cənubi Qafqazda uzunmüddətli sabitlik və qarşılıqlı etimadın formalaşması üçün real zəmin yarada bilər".