"2026-cı il də 2025-ci il qədər mürəkkəb və gərgin siyasi proseslərlə yadda qalacaq. Hamıya bəllidir ki, artıq köhnə dünya sistemi, köhnə beynəlxalq düzən faktiki olaraq işlək deyil. Mövcud beynəlxalq mexanizmlər, o cümlədən qlobal təhlükəsizlik arxitekturası öz funksionallığını böyük ölçüdə itirib".
Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.

Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatları artıq təkbaşına “dünya polisi” rolunu oynamaq niyyətində deyil və görünən odur ki, rəsmi Vaşinqton bununla maraqlanmır: "Çünki bu, ABŞ üçün əlavə maliyyə yükü, əlavə resurs itkisi və enerji sərfiyyatı deməkdir.
Bu səbəbdən ABŞ müəyyən regionları faktiki olaraq nəzarətsiz buraxır və ya yalnız məhdud təsir mexanizmləri ilə kifayətlənir. Paralel olaraq, Amerika özü yeni dünya düzəninə uyğunlaşmağa çalışır. Bu prosesdə biz ABŞ-ı artıq daha açıq və sərt imperialist siyasət yürüdən aktor kimi görə bilərik. Əgər əvvəlki mərhələdə Vaşinqton əsasən “soft power”, təsir rıçaqları və dolayı mexanizmlərdən istifadə edirdisə, yalnız son mərhələdə güc variantına əl atırdısa, yeni mərhələdə ABŞ maraqlarının zərər gördüyü nöqtələrdə birbaşa müdaxilələrdən çəkinməyəcək. Demokratiya və insan hüquqları kimi anlayışlar bu prosesdə ikinci plana keçəcək.
Bu baxımdan ABŞ-ın davranış modeli Rusiyanın və digər klassik imperial dövlətlərin davranış modelinə daha çox bənzəyəcək ki, bu da qlobal təhlükəsizlik üçün ciddi risklər yaradır. 2026-cı ildə bunun artıq konkret nümunələrini görəcəyimiz ehtimalı yüksəkdir. Xüsusilə Latın Amerikasında ciddi proseslər proqnozlaşdırılır. ABŞ-ın burada öz maraqlarına uyğun olmayan siyasi rejimləri birbaşa işğal etmədən, lakin müxtəlif mexanizmlərlə yenidən təsir dairəsinə salmaq və ya geri qaytarmaq cəhdləri mümkündür.
Eyni zamanda ABŞ–Avropa münasibətlərində ciddi fikir ayrılıqlarının dərinləşməsi gözlənilir. Bu, uzun illər formalaşmış transatlantik ittifaq anlayışını zəiflədə və Avropa ilə ABŞ arasında strateji məsafəni artıra bilər. Yaxın Şərqdə isə artıq baş vermiş hadisələr 2026-cı ilin daha da gərgin keçəcəyinin xəbərçisidir. Burada siyasi qarşıdurmaların səngiməsi gözlənilmir, əksinə, həm dövlətlərarası münasibətlərdə, həm də ayrı-ayrı ölkələrin daxilində müxtəlif qruplar arasında gərginlik artacaq. Bu da regional təhlükəsizliyi daha da kövrək vəziyyətə salacaq.
Cənubi Qafqaz və Mərkəzi Asiya isə böyük güclərin nüfuz və təsir uğrunda mübarizəsinin daha da kəskinləşdiyi bölgələrə çevriləcək. Yaxın Şərqin qeyri-sabitliyi, Rusiya və İran üzərindən ticarət marşrutlarının məhdudlaşması fonunda, Mərkəzi Asiya və Cənubi Qafqaz, xüsusilə Azərbaycan faktoru daha strateji əhəmiyyət qazanır. Bu da regiona olan marağı artırır və bütün böyük aktorlar burada öz siyasi və iqtisadi maraqlarını qorumağa çalışacaq. Bu proseslər birbaşa hərbi toqquşmalara çevrilməsə belə, ən azı ciddi geosiyasi rəqabət, iqtisadi təzyiqlər və informasiya müharibələri şəklində özünü göstərəcək.
Ümumilikdə, 2026-cı ildə qlobal miqyasda müxtəlif formatlarda qarşıdurmaların artacağını gözləmək olar. Bəzi bölgələrdə bu, açıq hərbi münaqişələrə çevriləcək, bəzi yerlərdə isə iqtisadi və informasiya müstəvisində davam edəcək. Yalnız 2027–2028-ci illərdən sonra qlobal proseslərdə müəyyən qədər balanslaşma və nisbi sabitlik müşahidə oluna bilər. Ancaq bu sabitlik tam deyil, daha çox yeni dünya düzəninin konturlarının formalaşması mərhələsi olacaq və qarşıdurmaların müxtəlif formalarda 2028–2029-cu illərə qədər davam etməsi ehtimalı yüksəkdir".