"Qəbul imtahanları mütləq şəkildə asanlaşdırılmalıdır" - EKSPERT AÇIQLADI

9 Fevral 2026 14:46 (UTC+04:00)

"Artıq buraxılış imtahanlarına çox az vaxt qalıb. Ondan sonra mərhələli şəkildə birinci blok imtahanı, ikinci blok imtahanı, dövlət dili - Azərbaycan dili imtahanı, ardınca qabiliyyət imtahanları keçiriləcək və bu imtahan mərhələsi avqust ayına qədər yekunlaşmalıdır. Avqust ayında isə ixtisas üzrə imtahanların keçirilməsi nəzərdə tutulur".

Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Onun sözlərinə görə, əgər son iki ilə diqqət yetirsək, buraxılış imtahanlarında müəyyən asanlaşdırmaların edildiyini görərik. Amma blok imtahanlarında hələ də eyni çətinlik səviyyəsi qorunub saxlanılır: "Məsələn, qəbul imtahanlarında fənlər üzrə müəyyən yeniliklər tətbiq olunur: xarici dildən esse yazılması, mətnlə işləmə, şəkillər üzərində suallar, hekayələrin formalaşdırılması və s. Bunlar təbii ki, müsbət addımlardır, amma bu yeniliklərə uyğun olaraq imtahan vaxtı artırılmır. Suallar çətinləşir, amma vaxt dəyişmir. Məncə, burada əsas problemlərdən biri məhz vaxt məsələsidir və bu mütləq şəkildə nəzərə alınmalıdır.

Bununla yanaşı, hesab edirəm ki, blok imtahanlarının sualları da müəyyən qədər asanlaşdırılmalıdır. Çünki hər hansı bir ixtisas üzrə keçid balının 180 bal olması həmin ixtisasın dəyərinə xələl gətirir. Əgər suallar nisbətən asanlaşdırılsa, abituriyentlərin daha çoxu yüksək nəticə göstərəcək və bu zaman həmin ixtisasların keçid balları da avtomatik olaraq yüksələcək.

Məsələn, dövlət 62 min plan yeri ayırırsa, 62 mininci abituriyentin balı 180 yox, 350 bal olmalıdır. Bunun üçün suallar çətinləşdirilməməli, əksinə, asanlaşdırılmalıdır ki, keçid balları yüksək görünsün və ixtisasların nüfuzu artsın. Çətin suallarla abituriyentlərin ballarını aşağı salmağın heç bir qazancı yoxdur. Bu, sadəcə ixtisasları gözdən salır.
Elə ixtisaslar var ki, keçid balları 220-230 civarındadır. Məsələn, pedaqoji ixtisaslar, müəllimlik kimi cəmiyyət üçün son dərəcə vacib sahələrin bu qədər aşağı ballarla formalaşması düzgün deyil. Müəllimlik ixtisasının keçid balı 230 baldırsa, bu, cəmiyyətdə həmin peşənin gələcəyi ilə bağlı suallar yaradır. Halbuki suallar asanlaşdırılsa, ballar yüksələr və ixtisasın dəyəri artar.

Bu istiqamətdə mütləq şəkildə beynəlxalq təcrübəyə baxmaq lazımdır. Xarici ölkələrdə, məsələn, ABŞ-da, Almaniyada və digər ölkələrdə universitetə qəbul prosesi nisbətən asandır. Əksər hallarda sadəcə buraxılış imtahanları kifayət edir. Xaricdə universitetə qəbul olmaq asan, oxuyub bitirmək isə çətindir. Bizdə isə əksinədir: universitetə qəbul olmaq çətindir, oxuyub bitirmək isə asandır. Bu yanaşma ciddi şəkildə yenidən tənzimlənməlidir. Hazırda biz uşaqları qəbul imtahanlarına beş-altı fənn üzrə cəlb edirik. Bu isə abituriyenti faktiki olaraq robotlaşdırmaq deməkdir. Sanki Dövlət İmtahan Mərkəzi hesab edir ki, uşaq mütləq bütün bu fənləri oxumalıdır. Məsələn, bəzi ixtisaslar üçün coğrafiya fənninin imtahanda olmasının nə qədər zəruri olduğu sual altındadır. Beynəlxalq münasibətlər ixtisasına qəbul olmaq üçün tarix fənninin imtahanının nə dərəcədə əsaslı olduğu da mübahisəlidir.

Beynəlxalq imtahanlarda isə cəmi iki fənn üzrə - riyaziyyat, məntiq və ya oxu bacarığı üzrə imtahan verilir və proses başa çatır. Biz isə altı fənn üzrə, bütün mövzuları əhatə edən çətin suallarla abituriyenti imtahana salırıq. İnşaat mühəndisliyi ixtisasına qəbul olunan bir şəxsin kimya imtahanı verməsinin nə qədər məntiqli olduğu da sual doğurur.
Bir tərəfdən görürük ki, müəllimlər öz ixtisasları üzrə sertifikasiya imtahanlarından keçə bilmirlər, amma digər tərəfdən biz 11-ci sinif şagirdindən beş-altı fənn üzrə son dərəcə çətin qəbul imtahanı tələb edirik. Bu, artıq absurd və anormal vəziyyətdir. Ona görə də mənim fikrim qətidir: qəbul imtahanları mütləq şəkildə asanlaşdırılmalıdır. Asanlaşdırılmalıdır ki, ixtisasların dəyəri artsın, abituriyentlər stress altında qalmasın və sistem daha sağlam formada işləsin".