"Azərbaycan artıq uzun illərdir ki, bir sıra nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir və bu il də növbəti mötəbər beynəlxalq tədbir ölkəmizdə keçiriləcək. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncam və göstərişləri mövcuddur".
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputatı Arzuxan Əlizadə deyib.

Onun sözlərinə görə, 2026-cı il mayın 17-dən 22-dək Bakı növbəti dəfə dünyanın diqqət mərkəzində olacaq: "Belə ki, Azərbaycan paytaxtında Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası keçiriləcək. Məzmununa və əhatə dairəsinə görə bu forum BMT-nin iqlim dəyişmələri üzrə Tərəflər Konfransından – COP-dan sonra ikinci ən böyük və strateji əhəmiyyətli qlobal platforma hesab olunur.
Qeyd etmək lazımdır ki, COP29-a uğurla ev sahibliyi etmiş Azərbaycan eyni zamanda ardıcıl şəkildə beynəlxalq tədbirlərin keçirildiyi mühüm mərkəzə çevrilib. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda təşkili də ölkəmizin beynəlxalq nüfuzunun, artan əhəmiyyətinin və ona göstərilən etimadın göstəricisidir. Bu, təkcə regional deyil, eyni zamanda qlobal miqyasda şəhərsalma, urbanizasiya və yaşayış mühiti ilə bağlı məsələlərdə Azərbaycanın artan liderliyinin bariz nümunəsidir.
Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi yalnız ölkəmizin beynəlxalq nüfuzunun artması ilə deyil, eyni zamanda şəhərsalma sahəsində həyata keçirilən qabaqcıl siyasət və əldə olunan praktiki nəticələrlə də bağlıdır. Forum çərçivəsində Azərbaycan şəhərsalma sahəsində qazandığı yenilikləri, imkanları və təcrübəni dünya ictimaiyyətinə təqdim etmək imkanı əldə edəcək. Bu isə beynəlxalq platformalarda Azərbaycanın mövqelərinin daha da möhkəmləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.
Forum bütövlükdə regionda dayanıqlı, inklüziv və ərazi baxımından balanslı şəhərsalma modellərinin təşviqi üçün mühüm və əvəzsiz platforma kimi qiymətləndirilməlidir. Azərbaycan artıq müasir dünyanın çağırışlarına sadəcə müşahidəçi kimi deyil, təşəbbüskar və fəal tərəf kimi qoşulur. Beynəlxalq tədbirlərə ev sahibliyi etməklə ölkəmiz dünyanın diqqətini özünə cəlb edir və bu platformalarda Azərbaycanın xüsusilə son illərdə əldə etdiyi uğurlar diqqət mərkəzinə çıxarılır. Məlumdur ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunur, bərpa olunan enerji mənbələrinin istehsalı genişləndirilir, külək və günəş enerjisi layihələri icra edilir. Bu sahədə Azərbaycanın artan potensialı və imkanları beynəlxalq ictimaiyyətin də diqqətini cəlb edir.
Xüsusilə işğaldan azad olunmuş ərazilərdə sıfırdan inşa edilən, ekoloji baxımdan dayanıqlı, müasir və ağıllı yaşayış məntəqələri Azərbaycanın şəhərsalma sahəsində artıq regional lider kimi çıxış etdiyini açıq şəkildə nümayiş etdirir. Bu baxımdan Azərbaycan beynəlxalq miqyasda müasir urbanizasiya modelinin uğurlu nümunəsinə çevrilməkdədir.
Keçiriləcək Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlərin təqdim olunması, ölkəmizin regionda aparıcı dövlət kimi mövqeyinin daha da möhkəmləndirilməsi üçün mühüm imkan yaradacaq. Bu səbəbdən forumun Bakıda keçirilməsi və Azərbaycanın növbəti dəfə belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi həm strateji baxımdan əhəmiyyətli, həm də qürurvericidir".