Müəllim nüfuzu — millətin gələcəyinin təminatı - MƏQALƏ

7 Fevral 2026 15:25 (UTC+04:00)

Müəllim nüfuzunu qoruyaq!

Bəli, bu, gecikmiş bir çağırışdır!

Cəmiyyətimiz, o cümlədən təhsil idarəçiləri, ümumtəhsil və ali təhsil məktəblərinin rəhbərləri öztəhsil müəssisəsində çalışan müəlliminin nüfuzunu hərşeydən üstün tutmalıdır. Dəyərli müəllimlər, ziyalılarıhər bir mənəvi zərbədən qoruya bilmiriksə, əksinə onlar müəyyən təzyiqlərə məruz qalırlarsa, bu, birbaşa aidiyyatı təhsil idarəçilərinin problemidir. Onlar, öz təhsil müəssisələrində xarüqələr yaratsalar da, ən önəmli məsələdən kənarda qalacaq. Bu, müəllim nüfuzunun qorunmasıdır. Digər tərəfdən isə qeyd edəkki, cəmiyyətimizdə baş verən hadisələr məktəbin adına yazılmamalıdır. Müəllim-valideyn-şagird üçbucağı ilə yanaşı, mühit amilini unutmamalıyıq.

Mətbuat yazır ki, müəllimə atılan güllə, bütün Azərbaycan təhsilinə atılan güllədir. Bu isə gecikmiş etirafdır.

Ürəyimizi sıxan mühüm bir mövzuda, müəllim nüfuzunun qorunması zərurəti haqqında fikirlərimi bölüşüb, çağırış etmək istəyirəm.

Müəllim - bu, yalnız bilik daşıyan bir insan deyil. Müəllim, gələcəyi formalaşdıran, cəmiyyətin mənəvi qaynağı, uşaqlarımızın dünyagörüşünü şəkilləndirən bir məfhumdur. Tariximizin hər bir səhifəsində müəllimin böyük rolu olub, milli kimliyimizin, mədəni dəyərlərimizin nəsildən-nəslə ötürülməsində əvəzolunmaz əməyi var.

Lakin müasir dövrdə müəllim nüfuzu müəyyən çətinliklərlə üzləşir:

Birinci, müəllimin ictimai statusunun zəifləməsi.Əcəba, niyə müəllimin həyat səviyyəsi, maddi rifahı layiqli səviyyədə deyil? Müəllim öz ailəsini dolandırmaq üçün gecə-gündüz çalışmalı olduğu halda, hansı enerji ilə sinifə girə bilər?

İkinci, valideyn-müəllim münasibətlərində tarazlığın pozulması. Müəllim təlim-tərbiyə işini peşəkarlıqla apararkən, həddindən artıq müdafiəsiz qalır.

Üçüncü, informasiya texnologiyalarının inkişafı ilə bilik mənbələrinin çoxalması. Bəzən şagirdlər "Hocam, internetdə belə yazır" deyə bilirlər. Amma unutmayaq ki, internet informasiya verir, müəllim isə təfəkkür, tərbiyə və dəyər verir.

Sual olunur: Nə etməliyik?

Müəllim nüfuzunu bərpa etmək üçün hər kəsə öz üzərinə düşən vəzifələr var:

Valideynlərə çağırışım: Müəllimlərə hörmət göstərin, onları övladlarınızın tərbiyəsi üçün ortaq kimi qəbul edin. Onların da insan olduğunu, səhvləri ola biləcəyini nəzərə alın, ancaq həmişə yaxşı niyyətlə yanaşdıqlarını unutmayın.

Şagird və tələbələrə məsləhətim: Müəlliminiz sizin üçün çalışır. Onun hər bir sözü, hər bir nəsihəti gələcəyiniz üçün toxunur. Ona hörmət etməyi, dəyərini bilməyi öyrənin.

Cəmiyyətə müraciətim: Müəllimə dəyər vermək, təhsilə dəyər vermək deməkdir. Kütləvi informasiya vasitələri müəllimlərin uğurlarını, fədakarlıqlarını daha çox işıqlandırmalıdır.

Dövlət qurumlarına müraciətim: Müəllimlərin maddivə mənəvi rifahını yüksəltmək üçün daha səmərəli addımlar atılmalıdır. Müəllim öz layiqli həyat səviyyəsinə yüksəldikdə, bütün diqqətini peşəsinə yönəldə bilər.

Aidiyyatı nazirlik və təhsil idarəçilərinə müraciətim: Müxtəlif peşələr varkən, niyə daim və davamlı olaraq müəllim peşəsi və bu peşəni daşıyan subyektlər davamlı olaraq müzakirə obyekti olmalıdır? Məgər digər peşə sahibləri bu qədərmi mükəmməl və universal olaraq səhv etmədən çalışır?! Müəllimin nüfuzunun qorunmasında aidiyyatı nazirlik və qurumlar, təhsil idarəçiləri, ümumtəhsil və ali məktəblərin rəhbərləri, hətta təhsil müəssisələrində çalışan struktur bölmə rəhbərlərinədək hər kəsin marağı, töhfəsi olmaqla yanaşı, buna ürəkdən can atmalıdırlar. Müəllim nüfuzuna zərər gətirməyə çalışanların zərərsizləşməsində bütün cəmiyyət maraqlı olmalıdır. Müəllim öz-özünü qorumamalıdır. İlk növbədə onların çalışdığı müəssisələrin rəhbərləri öz müəllimini qorumağı bacarmalıdır. Bizim reallığımız bu olmalıdır!

Sonda, bir dəqiqə düşünək: Əgər müəllimin nüfuzu aşağı düşərsə, nə olar? Cəmiyyətin mənəvi təməli sarsılar, nəsillərin davamı zəifləyər, milli dəyərlərimiz tədricən itər.

Müəllim nüfuzu yalnız müəllimin şəxsi məsələsi deyil, bütövlükdə millətimizin gələcəyinin təminatıdır. Bu nüfuzu qorumaq hər birimizin vətəndaşlıq borcudur.

Müəllimlərə inanın, onlara arxalanın, onları dəstəkləyin. Çünki müəllimlərin güclü olduğu millətin gələcəyi parlaq olar.

Ruhiyyə Hüseynova

Iqtisad üzrə fəlsəfə doktoru

Mingəçevir Dövlət Universiteti