Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

7 Fevral 2026 14:07 (UTC+04:00)

Biləsuvar rayonunda Azərbaycanın şəhid Milli Qəhrəmanı Mübariz İbrahimovun anım mərasimi keçirilib.

SİA -ın Muğan bürosunun məlumatına görə, qəhrəmanın doğum günündə onun ailəsi və ev muzeyi ziyarət olunub.

Ziyarətdə rayon rəsmiləri, veteranlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər M.İbrahimovun ərazilərin müdafiəsi zamanı göstərdiyi şücaətlə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdiyini vurğulayıblar.

Qeyd edək ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə həqiqi hərbi xidmətə çağırılan M.İbrahimov Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə xidmət keçib. O, 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə təyinatı cəbhə bölgəsindəki hərbi hissələrdən birinə göndərilib.

M.İbrahimov 2010-cu il iyunun 19-da saat 23:30 təkbaşına Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz həmlə ilə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək bir neçə saat onlarla təkbətək döyüşüb, düşməni ağır itkilərə məruz qoyub. M.İbrahimov səhər saatlarında qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin 2010-cu il iyulun 22-də imzaladığı fərmanla M.İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adı (ölümündən sonra) verilib.