Son zamanlar uşaqlar tərəfindən həmyaşıdlarına və digər şəxslərə qarşı aqressiv davranışın göstərilməsi, hüquq pozuntusu törədilməsi halları ciddi narahatlıq doğurur. Uşaqların psixoloji vəziyyətinin qiymətləndirilməsi, onların davranışlarına, o cümlədən rəqəmsal platformalardan istifadəsinə nəzarət edilməsi, həm uşaqların, həm də ümumilikdə cəmiyyətin sağlamlığı və təhlükəsizliyinin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair müraciətində son illər uşaqlar arasında geniş yayılmış onlayn oyun və interaktiv platformaların, xüsusilə “Roblox” platformasının yaratdığı risklər barədə analitik təhlilə əsaslanan məlumatlar verilib, aidiyyəti dövlət orqanları uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlayn platformalar üzərində nəzarət mexanizmlərini gücləndirməyə, risklərin hüquqi qiymətləndirilməsinin aparılmasına və preventiv fəaliyyətin həyata keçirilməsi sahəsində zəruri tədbirlər görməyə dəvət olunub.
Ombudsman bildirib ki, qeyd olunan problemlərin aradan qaldırılmasında valideynlərin də rolu danılmazdır. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Baş verən hadisələr onu göstərir ki, valideynlər tərəfindən uşaqlara daha diqqətlə yanaşılması, onlarla etibarlı ünsiyyətin təmin edilməsi və uşaqların olduğu hər bir yerdə təhlükəsizliyin gücləndirilməsi çox vacibdir.
Media subyektlərinin nümayəndələri tərəfindən uşaqlarla bağlı məlumatların yayılmasında qanunvericiliyin tələblərinə əməl edilməsi, uşaqların mənafelərinin üstün tutulması, məsələlərə uşaq hüquqlarının müdafiəsi prizmasından yanaşılaraq ictimaiyyətin düzgün məlumatlandırılması zəruridir.
“Fevralın 6-da “İdrak” liseyində baş vermiş insidentlə bağlı media nümayəndələri tərəfindən şagirdlərdən müsahibə götürülməsi və məlumatların işıqlandırılması üsulu təəssüf doğurur.
Bir daha media nümayəndələrinə “Media haqqında” Qanunun, “Uşaq hüquqları haqqında” Qanunun, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın və digər hüquqi aktların tələblərini xatırladaraq, onları bu sahədə məsuliyyətli mövqe nümayiş etdirməyə dəvət edirəm.
Qeyd edək ki, belə hallarla bağlı tərəfimizdən aidiyyəti qurumlara müraciət edilərək zəruri tədbirlərin görülməsi təmin olunur.
Uşaqların hüquqlarının müdafiəsi, onların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması məqsədilə bir daha əlaqədar dövlət orqanlarını qeyd olunan sahədə nəzarəti daha da gücləndirməyə, valideynləri daha məsuliyyətli davranmağa, media subyektlərini uşaqlarla bağlı məlumatlar hazırlanarkən qanunvericiliyin tələblərinə əməl edərək uşaqların mənafelərin üstün tutmağa dəvət edirəm”, - deyə müvəkkilin açıqlamasında vurğulanıb.