Uşaqlarda aqressiyanın artmasında əsas məsuliyyət kimdədir? - EKSPERT DANIŞDI

6 Fevral 2026 16:46 (UTC+04:00)

Ağcabədi rayonunda baş verən ağır hadisə cəmiyyətdə ciddi narahatlıq doğurub. Aşağı Avşar kəndində azyaşlı şəxs çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, hadisəni törətməkdə isə 12 yaşlı uşağın şübhəli bilindiyi bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Bundan əlavə İdrak liseyində baş verən hadisə ictimaiyyətdə ciddi narahatlığa səbəb olub. Bəs, bu yaşda uşaqların bu cür zorakı davranışa yönəlməsinin səbəbi nədir və problem haradan qaynaqlanır? Biz dəfələrlə müzakirə etmişik ki, uşaqlar arasında aqressiya niyə artır. Bəs bu aqressiyanın artmasında əsas məsuliyyət kimdədir? Məktəbdə, valideynlərdə, yoxsa ümumilikdə cəmiyyətdə? Ümumiyyətlə bu cür halların qarşısını almaq üçün məktəb psixoloqları hansı maarifləndirici işlər aparmalıdır?

Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, təəssüf ki, bu gün Azərbaycanda uşaqlar çox tez bir zamanda ailədən, məktəbdən və ümumiyyətlə, cəmiyyətdən gələn təsirlər vasitəsilə tərbiyələndirilir:

"Bu proses bəzən düzgün istiqamətdə olmur və nəticədə uşaqların davranışında agresivlik meylləri görünür. Maraqlıdır ki, cəmiyyətdə bu qədər agresiyanın mövcud olmasına baxmayaraq, onun qarşısını almaq üçün effektiv mexanizmlər təklif olunmur, müzakirə olunmur və praktik olaraq işlənmir.

Məsələn, televiziyada yayımlanan proqramlar və digər media məkanları da vəziyyəti daha da gərginləşdirir. Efir və televiziya verilişlərində tez-tez agresiv davranışlar nümayiş olunur, və bu, uşaqlara mənfi təsir edir. Sosial şəbəkələrdə, xüsusilə də TikTok platformasında, agresiyanı təşviq edən, uşaqlar üçün təhlükəli informasiyalar və görüntülər çoxdur. Təəssüf ki, bu məzmunları məhdudlaşdıran, xüsusən də uşaqlar üçün qoruyucu mexanizmlər hələ mövcud deyil.

Məsələni real nümunə ilə izah etmək olar: məktəbdə baş verən bir hadisədə, 12 yaşlı şagird bir yaşlıya qarşı davranış sərgiləyir. Artıq heç kim zəmanət verə bilməz ki, bu uşaq sadəcə məktəbdən deyil, həm də ailədən və cəmiyyətin ümumi agresiv mühitindən təsirlənməyəcək. Bugünkü reallıq göstərir ki, valideynlər və məktəblər uşaqların mobil telefonlardan və sosial şəbəkələrdən məsuliyyətli şəkildə istifadə etməsini tam nəzarət altında saxlaya bilmirlər. Bu səbəbdən cəmiyyətin ümumi agresivliyi uşaqlara da sirayət edir və onların empati qabiliyyəti zəifləyir.

Uşaqlara qarşı edilən zorakılıq və işgəncə hallarının artması cəmiyyətimizdəki problemin dərinliyini göstərir. Bəzən insanlar düşünür ki, kiçik bir fiziki zorakılıq anlıq ola bilər, lakin davamlı psixoloji və fiziki zorakılıq artıq uşaqların davranışına ciddi təsir göstərir. Təəssüf ki, bu məsələdə məktəb psixoloqları da yetərli müdaxilə imkanına malik deyillər. Onlar yalnız bir-iki dəfə fərdi söhbətlər apara bilər, amma bunun təsiri uzunmüddətli olmur. Məktəblərdə psixoloqlar üçün xüsusi alətlər, kabinetlər və digər resurslar yoxdur. Hər min şagirddən bir psixoloq düşən məktəblərdə isə bu resurslar daha da məhduddur və bəzən məktəbdə heç psixoloq belə olmur.

Bu səbəbdən belə məsələləri yalnız məktəb və ya məktəb psixoloqu səviyyəsində həll etməyə çalışmaq problemi kiçiltmək kimi görünə bilər. Əksinə, bu məsələ daha ciddi yanaşma tələb edir və dövlət səviyyəsində diqqət mərkəzində olmalıdır. Qadın və uşaq problemləri üzrə komitələr tərəfindən ciddi müzakirələr aparılmalı, media və hüquq-mühafizə orqanları məsuliyyət daşıdığını anlamalıdır. Azərbaycanda mediada uşaqlar üçün maarifləndirici verilişlərin çatışmadığı da aydındır. Televiziya və digər media platformalarında sosial problemlərin müzakirəsi tez-tez uşaqların üzərinə yönəlir və onların psixologiyasına mənfi təsir göstərir.

Məktəb psixoloqu ailə boşanmaları, problemli ailələr və digər sosial məsələlərin yaratdığı problemləri təkbaşına həll edə bilməz. Buna görə də uşaqlara qarşı zorakılığın qarşısını almaq və onların sağlam psixoloji inkişafını təmin etmək üçün bu məsələlər dövlət səviyyəsində sistemli şəkildə nizamlanmalıdır. Uşaqların təhlükəsiz və sağlam mühitdə böyüməsi yalnız ailə və məktəbdən deyil, bütün cəmiyyətdən gələn dəstək və düzgün siyasət tələb edir".