Havaların soyuması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyaların, həmçinin, qripin yayılmasında artım müşahidə olunur. Kəskin respirator virus infeksiyaları yüksək hərarət, öskürək, boğaz ağrısı, ümumi halsızlıq, düzgün müalicə olunmadıqda isə ağırlaşmalarla müşayiət olunur. Bəs, bu virusdan necə qorunaq?
Məsələ ilə bağlı infeksionist Aytən Ziyadova SİA-ya açıqlamasında bildirib ki, son dövrlərdə kəskin respirator virus infeksiyaları, xüsusilə respirator sinisiti virusu (RSV) və qripin yayılması ilə əlaqədar olaraq ağırlaşmalar müşahidə olunur:
"Bu infeksiyalar ilkin mərhələlərdə yüngül simptomlarla başlasa da, vaxtında müalicə edilmədikdə ciddi fəsadlara yol aça bilər. Bu fəsadların qarşısını almaq üçün, bizə müraciət etməzdən əvvəl bəzi qırmızı bayraq əlamətlərinə diqqət yetirmək çox önəmlidir. Bu əlamətlər xəstəliyin ağırlaşmaya başladığını və təcili tibbi müdaxiləyə ehtiyac olduğunu göstərir. İlk növbədə, yüksək hərarət xüsusilə uzun müddət davam etdikdə, 39°C-dən yuxarı qalxdıqda və ya aşağı salınmadıqda bu, infeksiyanın ağırlaşdığını və bəlkə də əlavə bakterial infeksiyaların meydana gəldiyini göstərir. Bu halda, mütləq həkimə müraciət edilməlidir. Nəfəs almadakı çətinliklər də ciddi bir əlamətdir. Əgər nəfəs darlığı, ya da nəfəs almaqda çətinlik yaranarsa, bu vəziyyət tənəffüs yollarında ağırlaşmaların inkişaf etdiyini göstərə bilər. Eyni zamanda, dərinin mavimsi rəng alması, xüsusilə dodaq və üz nahiyəsində, oksigen çatışmazlığını işarə edir və təcili tibbi yardım tələb edir. Ümumi vəziyyətin pisləşməsi də qırmızı bayraq əlamətlərindəndir. Əgər xəstə özünü çox halsız hiss edir, yemək və içməkdən imtina edir və ya aktivliyi azalırsa, bu ağırlaşmaların əlaməti ola bilər. Bu, bədənin daha da zəiflədiyini və infeksiyanın daha geniş sahələrə yayıldığını göstərə bilər.
Sinə ağrısı, xüsusilə öskürək və nəfəs alma ilə əlaqəli olaraq meydana gəldikdə, infeksiyanın ağciyərlərə yayıldığını göstərir. Bu, bronxit, pnevmoniya və ya digər ciddi infeksiyaların inkişafını işarə edir və dərhal həkim müayinəsi tələb edir. Bu əlamətlərdən hər hansı biri müşahidə edildikdə, gecikmədən tibbi yardım alınması çox önəmlidir. Həkimlər bu əlamətləri izləyərək, infeksiyanın ağırlaşmasını və digər potensial fəsadları vaxtında aşkar edə bilərlər. Beləliklə, ciddi xəstəliklərin qarşısını almaq və müalicənin daha effektiv olmasını təmin etmək mümkündür".